"Hamı AZAL-ı tərifləyirdi, axırı necə oldu?" - MÜSAHİBƏ
05.03.2013 - 00:15
"Hamı AZAL-ı tərifləyirdi, axırı necə oldu?" - MÜSAHİBƏ
“Qəbələ” klubunun qapıçısı Anar Nəzirovun apasport.az saytına müsahibəsi

- XXII turdan sonra çoxları komandanızın AZAL-a 1:6 hesablı məğlubiyyətini müzakirə edir. Oyunda nə baş vermişdi?
- Futbolda belə şeylər olur. Düzdür, məğlubiyyətə görə müxtəlif bəhanələr axtarmaq olar. AZAL-la qarşılaşmada qapıda mən dayanmışdım. Bu səbəbdən məsuliyyəti öz üzərimə götürürəm. Komandama kömək edə bilmədim. Futbol kollektiv oyundur. Biri zəif oynayanda, digəri onu sığortalamalıdır. Görünür, mən bunu bacarmadım. Qarşıda çox oyunlar var. Bu yenilgi bizim üçün dərs olacaq.

- Görüşə pis başlamamışdınız. Hətta hesabı da “Qəbələ” açdı. Fasilədən sonra nə baş verdi ki, komanda dayandı?
- Adam danışmaqda çətinlik çəkir. Ardıcıl qollar buraxdıq. Düzdür, futbolda bu ilk belə hadisə deyil. Buna görə komandanı tapdalamaq da olmaz. Hər işdə bir xeyir var. Əksinə, qarşıdakı oyunlara fərqli köklənəcəyik. Birinci dövrədə AZAL “Qarabağ”ın qapısından 6 top keçirmişdi. Hamı AZAL-ı tərifləyirdi, axırı necə oldu? “Qarabağ”da yüksəliş başladı, AZAL-da isə eniş. Bu qarşılaşma məsuliyyətimizi artıracaq. Güclü rəqiblərə qarşı daha yaxşı oynamalıyıq. Qış fasiləsi zamanı güclü rəqiblərlə qarşılaşdıq. Sonra çempionatda yaxşı oyunlar keçirdik. “Qarabağ”la heç-heçə edib, “Xəzər Lənkəran”ı udduq. “İnter”ə uduzduğumuz matçda bəxtimiz gətirmədi. Biz onlardan dəfələrlə üstün futbol nümayiş etdirdik.

- Komandanıza kömək edə bilmədiyinizi dediniz. Səhvləriniz çox oldu?
- 6 top buraxmışıqsa, deməli, səhvim var. Məsuliyyəti üzərimə götürürəm deməklə, bir-birimizə kömək edə bilmədiyimizi vurğulamaq istəyirəm. Bilirsiz, bu gün bu oyun haqda danışmaq çox çətindir. Dərs çıxarmalıyıq ki, bu nəticə qarşıdakı oyunlarda təkrarlanmasın.

- Matçı klub prezidenti Tale Heydərov da izləyirdi. Onun oyundan sonra futbolçularla görüşü oldumu?
- Bizdə klub rəhbərliyi məşqçinin işinə müdaxilə etmir. Hər şey peşəkar səviyyədə qurulub. İnşallah, avrokuboklara vəsiqə qazanmaqla, klub prezidentini sevindirəcəyik.

- 3 gündən sonra ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Qarabağ”la qarşılaşacaqsınız. Həmin matça qədər komanda psixoloji gərginlikdən çıxa biləcəkmi?
- Bu sahədə hansısa problem olmayacaq. İspaniya, İngiltərə çempionatlarında da bu cür hallara rast gəlmək mümkündür.

- Ola bilərmi ki, “Qəbələ” kubok mübarizəsini düşündüyü üçün AZAL-la matça ciddi yanaşmamışdı. Yəni, komanda gücünü “Qarabağ”la görüşə saxlayıb…
- Həm kubokda, həm də çempionatda “Qəbələ”nin gücünü hər kəs görəcək. Biz oyuna çıxarkən hansı cəbhədə yarışdığımızı ayırmırıq. Çempionat da, kubok oyunu da bizim üçün vacibdir.

- 6 qol buraxdıqdan sonra düşünmürsünüz ki, baş məşqçi sizi ehtiyata göndərsin?
- Bu baş məşqçinin işidir. Elə vaxt olub ki, yaxşı oynamağıma rəğmən növbəti qarşılaşmanı ehtiyatda keçirmişəm. Bu oyunu günü məlum olur. Kimin meydana çıxıb-çıxmayacağına baş məşqçimiz qərar verəcək.