“Qarabağ” qiymət “öldürəcək”
05.03.2013 - 14:40
“Qarabağ” qiymət “öldürəcək”
“Qanun hamı üçün qanundur. Buna riayət etməliyik. Ancaq təbii ki, çıxarılan qərarla tam razı deyilik”. Bunu apasport.az saytına açıqlamasında “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl deyib.

Bu gün AFFA İntizam Komitəsi növbəti iclasını keçirib. Komitənin iclasında gözlənildiyi kimi “Qarabağ” – “İnter” oyunu əsas müzakirə mövzularından olub.

Belə ki, “Qarabağ”a 13 min manatlıq cərimə kəsilib. Üstəlik, Ağdam klubu Topaz Premyer Liqasında 1 ev oyununu azarkeşsiz keçirməli olacaq ki, bu da “Qəbələ” ilə matça təsadüf edir.

Ancaq “Qarabağ” rəhbərliyi bu məbləğin hamısını AFFA-nın xəzinəsinə köçürmək niyyətində deyil: “Hələlik bizə AFFA İntizam Komitəsinin qərarı rəsmi şəkildə gəlib çıxmayıb. Bundan sonra öz qərarımızı açıqlayacağıq. Bununla belə, çıxarılan qərarda göstərilən məbləğ çox böyükdür. Hər bir klub kimi qərardan protest vermək hüququmuz var. Biz də bu hüququmuzdan yararlanacağıq. Çox güman ki, məbləğin aşağı endirilməsinə çalışacağıq”.

Səbuhi TOFİQOĞLU