Rahid Əmirquliyev ünvanı dəyişdi
24.05.2013 - 11:03
Rahid Əmirquliyev ünvanı dəyişdi
Topaz Premyer Liqası təmsilçilərinin heyətində ən çox oyun keçirən futbolçu ünvanı dəyişib. Apasport.az saytının məlumatına görə, eyni komandada 200 və daha çox çempionat matçına çıxan hər 2 futbolçu klubunu tərk etdiyindən, zirvə yeni sahibinə qovuşub.

Belə ki, bu göstəricidə lider olan Usim Nduka AZAL-ı tərk edib. Premyer Liqada 208 dəfə “təyyarəçilər”in şərəfini qoruyan milliləşən nigeriyalıyadək onun ən yaxın izləyicisi Vladimir Levin də “İnter”dən ayrılmışdı. Milliləşən ukraynalı 205 matça çıxmışdı.

Son mövsüm meydana çıxanlar arasında 3-cü nəticəyə malik Azər Məmmədov da artıq karyerasını bitirib. O, “Kəpəz”də 186 oyun keçirmişdi.

Bu “üçlüy”ün yoxluğunda zirvəyə “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev yüksəlib. O, hazırkı komandasında ən çox matç keçirən oyunçudur.

Yarımmüdafiəçi “ağ-yaşıllar”ın 175 çempionat görüşündə iştirak edib. İkinci olan Namiq Yusifov “Qarabağ”da 169, üçüncü yerdəki Vüqar Nadirov isə 151 dəfə komandasının formasında meydanı çıxıb.
0