“Neftçi”dən səs çıxdı: Baş verənlər həqiqətən də utancverici idi
31.05.2013 - 17:53
“Neftçi”dən səs çıxdı:  Baş verənlər həqiqətən də utancverici idi
“Finalda baş verənlər həqiqətən də utancverici idi. Əslində, həmin gün futbol adına hər şey əla idi; təşkilatçılıqdan tutmuş oyuna qədər. Komandaların turnir cədvəlindəki yerlərinə baxmayaraq, “Neftçi” - “Xəzər Lənkəran” matçının əbəs yerə “Böyük oyun” adlandırılmamagının bir daha şahidi olduq. Əminliklə deyirəm, əsl final belə olar”. Bu sözləri apasport.az saytına “Neftçi” klubunun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə deyib.

Ölkə kubokunun finalında keçirilmiş “Neftçi” – “Xəzər Lənkəran” matçı insidentlə yekunlaşdı ki, baş verən qalmaqalda daha çox təqsirkar olan “Neftçi” AFFA İntizam Komitəsi tərəfindən 82 min manat cəriməyə məruz qaldı. 3 gün əvvəlki iğtişaşın ardından “Neftçi” rəhbərliyinin futbol ictimaiyyətindən üzr istəyəcəyi gözlənilsə də, komandada kimsənin buna cürəti çatmadı.

Amma rəhbərlikdən fərqli, həmkarımız olan Abbaszadə baş verən qalmaqala görə üzr istəyib: “Xəzər Lənkəran” bizim üçün doğma klubdu. Tam səmimi deyirəm ki, avrokuboklarda qəlbimiz “Neftçi” ilə yanaşı, “Xəzər Lənkəran”, “Qarabağ” və “İnter”lə də döyünəcək. Hər zaman demişəm, “Xəzər Lənkəran” fanatlarına söz ola bilməz. Onlar çempionatımıza maraq gətirib. Finalı maraqlı edən amillərdən biri də, məhz cənublu fanatlar oldular.

Meydanda rəqib sayılsaq da, Azərbaycan futbolunun inkişafına nail olmaq hər iki klubun əsas qayəsidir. Lakin finalda stadiona toplaşmış minlərlə azarkeşin, eləcə də milyonlara televiziya tamaşaçısının gözü qarşısında baş verən olaylar möhtəşəm qarşılaşmaya kölgə saldı. Yaxşı olardı ki, bu hal yaşanmasın. Səhvlərdən nəticə çıxarmaq lazımdı. Mən ilk növbədə azarkeşəm, jurnalistəm. Bir vaxtlar aparıcısı olduğum verilişdə hər iki klubun nümayəndələri dəfələrlə qonağım olub. Klublarımızın uğurlarına sevinib, futbolumuzu təbliğ etmişəm. Baş verən hadisə məni narahat edir. Buna görə də insidentlə bağlı hər kəsdən üzr istəyirəm. Ümid edirəm ki, bu hadisə sonuncu olacaq”.
0