
FİFA referiliyindən çıxarılacağı barədə qərar qəbul olunan Rəhim Həsənov bu statusda 28 beynəlxalq oyuna təyinat alıb.
Apasport.az saytının məlumatına görə, 2013-cü ildə beynəlxalq arenaya çıxan hakim 8 il qitəmiqyaslı matçlarda ədaləti qoruyub.
Onun təyinat aldığı 28 görüş 5 müxtəlif turnirə təsadüf edib. Avropa çempionatlarının seçmə mərhələlərində 18 qarşılaşması olan Həsənov altı dəfə U-21, dörd dəfə U-19, səkkiz dəfə U-17-lərin duelinə təyinat alıb. Düzdür, sonuncuların bir qarşılaşması baş tutmayıb. Avropa Liqasında 7, Gənclər Liqasında 5 qarşılaşmada həmyerlimiz fit çalıb.
Həsənov bu oyunlarda 123 sarı, 5 qırmızı vərəqə göstərib. O, 5 dəfə penalti qərarı verib.
Qeyd edək ki, referinin beynəlxalq arenada debütü 2013-cü il martın 26-da U-17-lərin Avropa çempionatının seçmə mərhələsinin elit-raundunda reallaşıb. O, İsveç – Belarus görüşündə fit çalıb.