Avstriyanın Qrats şəhərində keçirilmiş fiqurlu konkisürmə üzrə Avropa çempionatı Azərbaycan yığması üçün tarixi nəticə ilə əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, qadınların yarışında 6-cı yeri tutan Yekaterina Ryabova Avropa çempionatı tarixinə fərdi yarışlarında ən yüksək yer tutan təmsilçimiz kimi düşüb.
Bunadək kişi və qadınların yarışlarında idmançılarımız heç vaxt ən güclü 6 konkisürən sırasına düşməmişdi. Əvvəlki rekord kişilərin yarışında 7-ci yeri tutan İqor Paşkeviçə məxsus idi.
Ümumilikdə, Y.Ryabova Avropa çempionatlarındakı rekordu təkrarlayıb. O, qitədə 6-cı olan 3-cü təmsilçimizdir. Bunadək 2 belə hal yaşansa da, hər iki halda fərdi mübarizədə olmayıb.
1994-cü ildə idman cütlərinin mübarizəsində Natalya Krestyaninova və Aleksey Torçinski 6-cı yerə yiyələnib. 20 il sonra buz üzərində rəqslərdə Yuliya Zlobina və Aleksey Sitnikov eyni nəticəni göstəriblər.