Braziliyalı futbolçu 18-ci oldu - Əhmədovla Pərvərova 1 qol çatmadı
29.12.2020 - 12:12
Braziliyalı futbolçu 18-ci oldu - Əhmədovla Pərvərova 1 qol çatmadı

Öz ölkəsinin yüksək liqasında bir oyunda ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) tərtib etdiyi cədvələ 2020-ci ilin rekordçusu da daxil olub.

Braziliyalı Patrik Fabiano Küveyt çempionatındakı uğuru sayəsində bir matçda 8 və daha çox qol vuranların siyahısına düşüb. O, üç gün öncə baş tutan “Əl Salmiya” – “Əl Tadhamon” qarşılaşmasında (9:1) 8 qola sevinib.

Bu, İFFHS-in qeydə aldığı 18-ci belə göstəricidir. Patrikə qədər 17 dəfə bir futbolçu yüksək liqa görüşündə 8 və ya daha çox qol vurub.

Cədvələ Hacene Lalmas başçılıq edir. O, 1962-ci ildə Əlcəzair liqasının oyununda 14 qola sevinib. Maldiv çempionatının qəhrəmanı Ali Aşfaq 2009-cu ildə bir qarşılaşmada 12 dəfə fərqlənib.

3-cü yerə şərik olan Yeno Karol və Pedro Karrion Avropa rekordçularıdır. Onlar müvafiq olaraq 1905-ci ildə Macarıstan və 2016-cı ildə Cəbəllütariq çempionatında bir oyuna 11 top vurub.

Qeyd edək ki, Azərbaycan çempionatları tarixinin rekordçuları Fazil Pərvərov və Rövşən Əhmədov bir oyuna 7 qola imza atıb. “Kəpəz”də fərqlənən oyunçuların İFFHS-in siyahısına düşməkdən bir qol ayırıb.

0
Patrik Fabiano Rövşən Əhmədov Fazil Pərvərov