“Real”ın hücumçusu Kərim Benzemanın Fransa millisindən uzaqlaşdırılması kimi, geri qaytarılması da böyük ajiotaj doğurub.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçu 6 ildən sonra AVRO-2020-də “üçrənglilər”in formasını geyinəcək.
Futbol tarixində isə yığmadan uzaq düşdükdən bir neçə il sonra qayıdan çox sayda tanınmış futbolçu olub. Bu yazıda onlardan bir neçəsini xatırlayacağıq.
Azərbaycan futbolunda da buna bənzər hadisə olub. Bu baxımdan ən uzunmüddətli milli həsrəti çəkən oyunçu Elman Sultanov hesab edilir. 1992-ci ildə yığmanın heyətində bir matça çıxan “Neftçi”nin U-17 komandasının hazırkı baş məşqçisi bir də 2004-cü ildə Karlos Alberto Torres tərəfindən dəvət alıb. 12 illik bu ayrılıq, bəlkə də, dünya rekordudur.
Kərim Benzema - Fransa
“Real”ın qolçusu 2015-ci ildə komanda yoldaşı Mateu Valbuena ilə arasında yaşanan seks videosu şantajı səbəbindən millidən uzaqlaşdırıldı. Ancaq bu mövsüm sərgilədiyi parlaq çıxış sayəsində baş məşqçi Didye Deşamı fikrindən döndürdü və 6 illik yığma həsrətinə son qoydu.
Zlatan İbrahimoviç – İsveç
2001-ci ildən İsveç yığmasının formasını geyinən Zlatan AVRO-2016-dan sonra milli karyerasını bitirdi. 40 yaşı olmasına baxmayaraq, “Milan”ın heyətində 15 qol vurmağa müvəffəq oldu. Bu da onun 5 ildən sonra yığmaya dönüşünə yol açdı. Ancaq İbrahimoviç zədə ucbatından AVRO-2020-ni buraxmalı olacaq.
Samuel Eto – Kamerun
Kamerun tarixinin ən yaxşı futbolçusu olan Eto 2011-ci ildə yerli federasiya ilə arasında yaşanan anlaşmazlığa görə bir daha yığmada oynamayacağını açıqladı. Ancaq bir ildən sonra yenidən dəvət alan sabiq hücumçu Braziliyadakı DÇ-2014-də iştirak etdi. Məhz həmin turnirdən sonra millidən bu dəfə birdəfəlik getdi.
David Vilya – İspaniya
İspaniya tarixinin ən yaxşı hücumçularından olan Vilya DÇ-2014-dən sonra yığmanın formasını geyinmədi. 2017-ci ildə isə MLS klubu “Melburn”da oynadığı vaxt yenidən milliyə çağırıldı və dünya çempionatının seçmə mərhələsində İtaliya ilə görüşdə bir neçə dəqiqə meydanda oldu.
Karlos Vela – Meksika
Vela 2010-cu ildə Kolumbiya ilə matçdan sonra ziyafət verdiyi üçün 6 aylıq yığmadan kənarlaşdırıldı. Ancaq bu müddət 4 il yarıma qədər uzandı. Futbolçu yalnız 2015-ci ildə Meksikanın formasını geyinə bildi.
Santi Kazorla – İspaniya
Ardıcıl ağır zədələr səbəbindən karyerasını bitirmək təhlükəsi ilə üzləşən Kazorla 2015-ci ildən sonra yığmada yer almadı. 2018-ci ildə sabiq klubu “Vilyarreal”a qayıdan yarımmüdafiəçi oradakı uğurlu çıxış sayəsində 4 ildən sonra, 2019-cu ildə milliyə çağırıldı. Hətta Malta ilə görüşdə qol da vurdu.
Ronaldo – Braziliya
Ronaldonu millidən uzaq qoyan zədələr oldu. 1999-cu ildən sonra 3 il yığmadan uzaq düşən “yekədiş” DÇ-2002-nin ən yaxşısı oldu, Braziliyaya dünya çempionluğunu qazandırdı.
Dieqo Maradona – Argentina
1986-cı ildə ölkəsinə dünya çempionluğu qazandıran Maradona DÇ-1990-ın finalında məğlub olduqdan sonra yığmadan uzaq düşdü. Əfsanəvi futbolçu DÇ-1994-cü ildə yenidən qayıtdı və son dəfə yığmanın formasını geyindi.
Lionel Messi – Argentina
Klub səviyyəsində hər şeyə nail olan Messi millidə bu uğuru təkrarlaya bilmədi. Leo 2016-cı ildə Amerika Kubokunun finalında Çiliyə məğlubiyyətdən sonra yığma karyerasını bitirdiyini açıqladı. Lakin Argentina xalqının israrına “yox” deyə bilmədi, yığmaya qayıtdı. Messinin yəqin ki, gələnilki dünya çempionatında son dəfə millidə oynayacaq.