“Araz-Naxçıvan”ın və Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli azfutzal.az-a müsahibə verib.
Apasport.az saytının məlumatına görə, karyerasını Rusiyanın “Torpedo” klubunda davam etdirəcək qolkper keçidi və hədəflərindən danışıb.
- Karyeranda yeni səhifə açılır və bu münasibətlə səni təbrik edirik. Keçidlə bağlı təklifi nə vaxt aldın?
- Hələ 2020-ci ildə bu klubdan təklif almışdım, danışığımız olmuşdu. Sadəcə, COVİD-19-la bağlı əksər çempionatlar dayandırıldı. Buna görə də danışıqlara ara verdik. Təxminən bir həftə əvvəl Nijni Novqorod təmsilçisinin rəsmiləri yenidən mənimlə əlaqə yaratdılar və komandaya dəvət etdilər. Əlbəttə, “Araz-Naxçıvan”la müqaviləm davam etdiyinə görə, əvvəlcə klub rəhbərliyinin razılığını almalı idim. Onlar da qarşıda klubu pley-off mərhələsinin oyunları gözləməsinə rəğmən, keçidim üçün “yaşıl işıq yandırdılar.
- Müqavilə hansı müddəti əhatə edəcək?
- Qarşıdakı iki ayı əhatə edəcək. Sonrakı mərhələ üçün mövsümün sonunda danışacağıq.
- Yeni komandana nə vaxt qoşulacaqsan?
- Martın 27-də səfərə çıxacağam və ertəsi gün rəsmi müqavilə bağlayacağıq. Amma ilkin anlaşmaya artıq hər iki tərəf imza atıb.
- Transfer niyə məhz indi baş tutdu?
- “Torpedo”nun əsas qapıçısı ukraynalı Yevgeni İvanyak idi. Məlum hadisələrdən sonra qolkiper Belçika klublarından birinə keçdi. Nəticədə Nijni Novqorod təmsilçisi mənimlə anlaşdı. Həm də Rusiya Mini-Futbol Assosiasiyası hazırkı məqamda klublara ancaq qapıçı transfer etməyə icazə verib.
- “Torpedo” hazırda Superliqanın lideridir və mövqeyini qorumağa çalışır. Digər tərəfdən, UEFA məlum məsələ ilə əlaqədar Rusiya klublarının və millisinin öz bayrağı altında təşkil etdiyi bütün yarışlarda iştirakına qadağa qoyub. Bu vəziyyətlə bağlı nə düşünürsən?
- Bu haqda danışmaq tezdir. Zaman özü hər şeyi tənzimləyəcək. İndiki məqamda komandanın məqsədi Rusiya çempionu olmaqdır. Məni də heyətə bu məqsədlə dəvət ediblər. Hələ ki, çempion olaq. Növbəti qərar zamanı təbii ki, real vəziyyəti dəyərləndirib, ona uyğun qərar verəcəm.
- “Araz-Naxçıvan”ı mayda çətin pley-off oyunları gözləyir. Belə məqamda gedişin klub rəhbərliyi tərəfindən necə qarşılandı? Onlar üçün çətin olmayacaq?
- Razıyam, “Araz-Naxçıvan”ı çətin pley-off mərhələsi gözləyir. İnanıram ki, bu heyət işinin öhdəsindən gələcək və qarşıya qoyulan məqsədə çatacaq. Açığı, qarışıq hisslər keçirirəm. İlk dəfə legioner həyatı yaşayacağam, başqa ölkənin çempionatında çıxış edəcəyəm. Əlbəttə, həm klubumdan razılıq almaq, həm də ayrılmaqla bağlı özümün qərar verməyim asan olmadı. Amma bu qərar hər iki tərəf üçün yaxşı şans və andır. Çalışacağam “Araz-Naxçıvan”ın adını uca edim, özümü yaxşı tərəfdən göstərim, digər oyunçularımız üçün də yol açım. “Araz-Naxçıvan” rəhbərliyinə gedişimə şərait yaratdığına görə təşəkkür edir, qarşıdakı oyunlarda uğur arzulayıram. Bu ad futzalımız üçün bir brenddir, onu qorumalı, uca tutmalıyıq.
- Bəs başqa klubdan necə, təklif var idi?
- Var idi. Bu mövsüm Fransanın iki klubundan təklif almışdım. İlk təklif yay fəslinə təsadüf etdi. Həmin vaxt komanda UEFA Çempionlar Liqasının ilkin mərhələsinin oyunlarına yollanmağa hazırlaşırdı. Səfərə çıxmağımıza az vaxt qalmışdı. Komandanın qarşısına isə mərhələ adlamaq, əsas raundda iştirak etmək tapşırığı qoyulmuşdu. Ona görə “Araz-Naxçıvan”dan ayrıla bilmədim. Qış fasiləsində gələn dəvət isə sərfəli deyildi.
- İlk dəfə legioner həyatı yaşayacaqsan. Darıxmayacaqsan?
- Bunun həyəcanını indidən yaşayıram. Darıxmayacağam, çünki peşəkar idmançıyam, öz qərarımın ardınca gedirəm. Çalışacağam karyeramda açılan yeni səhifə uğurlu alınsın, Bakıya Rusiya çempionu kimi dönüm.