“Neftçi”nin futbolçusu Tural Axundovun apasport.az saytına müsahibəsi
- Antalyada toplanışınız necə gedir? Böyük hesabla uduzduqdan sonra komandadakı atmosfer necədir?
- Gündə 2 dəfə məşq edirik, toplanış ağır keçir. Demək olar ki, istirahət etmirik. Ancaq bu, normal haldır. Bura istirahətə gəlmədiyimizi bilirik. Fikrimiz məşqlərimizdədir.
- Dünən ilk yoxlama görüşündə komanda Polşanın LSK klubuna uduzdu. 0:4 hesablı məğlubiyyəti nə ilə əlaqələndirərdiz?
- Toplanış çərçivəsində ilk oyunumuz idi. Bütün futbolçular yüklənmədədir. Bəlkə də polşalılara uduzmağımızın səbəbi budur. Məncə, hər şey daha yaxşı olacaq. Sadəcə LSK daha hazırlıqlı idi. Ola bilsin ki, buna görə uduzmuşuq.
- Məğlub olduqdan sonra “Neftçi” haqda tənqidlər artmağa başladı. Polşa çempionatında aşağı sıralarda qərarlaşan kluba böyük hesabla uduzmağa necə ad vermək olar?
- Əlbəttə ki, tənqidlər həmişə olur. Qalib gəldikdə də, uduzanda da tənqidlər var. Heç kim istəməz ki, 0:4 hesabı ilə məğlub olsun. Sadəcə dediyim kimi, futbolçular yüklənmiş vəziyyətdədir. Oyundan-oyuna “Neftçi” daha yaxşı çıxış edəcək.
- Belə oyunla “Neftçi” qışdan sonra çempionluq mübarizəsi haqda düşünə bilər?
- Axı, təlim-məşq toplanışında oyunlar başqa cür olur. Biz çempionluq mübarizəmizi davam etdirəcəyik, sona kimi vuruşacağıq. “Neftçi” formasının haqqını verməliyik.
- Komandaya yeni qoşulan Saman Nariman Cahan haqda hansı fikirdəsiz?
- Saman komandaya yeni qoşulub. Onun çox yaxşı futbolçu olduğu fikrindəyəm. Cəld və texnikalı futbolçudur. Sadəcə Samana bir az zaman lazımdır.
- Sizcə, Saman “Neftçi”yə xeyir verəcək gücdədir?
- Yaxşı futbolçudur. Məncə, komandaya da xeyir verəcək.
- Qarşıda hələ iki yoxlama görüşünüz var. “Dinamo” (Kiyev) və “Desna” ilə matçlarda ən azından həmin qarşılaşmadan daha yaxşı oynayan “Neftçi” görmək mümkündür?
- Əlbəttə ki, yaxşı oyunlar göstərməliyik. Daha yaxşı komanda görəcəksiniz. Buna əminəm.
Tural Axundov: "Neftçi”nin haqqını verməliyik” - MÜSAHİBƏ
16.01.2020 - 13:36
0
0