“Yeni Malatyaspor”un hücumçusu Umut Bulut tarixi rekorda imza atıb.
Apasport.az saytının məlumatına görə, veteran futbolçu Super Liqanın XXVI turunda “Konyaspor”la matçda buna nail olub.
Bir qədər əvvəl start götürən qarşılaşmanın ilk “11-liy”ində yer alan Umut karyerası ərzində Türkiyə çempionatlarında 504-cü oyununa çıxıb. 38 yaşlı oyunçu bu rəqəmə çatmaq üçün 18 mövsüm keçirib.
Bununla da Oğuz Çətinə məxsus rekordu yeniləyən Umut Türkiyə çempionatları tarixində ən çox oyun keçirən futbolçu ünvanına yiyələnib. Matçdan əvvəl “Yeni Malatyaspor” rəhbərliyi bu rekorda görə forvarı mükafatlandırıb.
Qeyd edək ki, ölkə çempionatında 2002-ci ildə debüt edən Umut Bulut 5 fərqli klubda çıxış edib, 10 titul qazanıb.