FİFA milli komandaların reytinq cədvəlini martın son günündə açıqlayacaq.
Apasport.az saytının məlumatına görə, artıq əksər yığmaların siyahıdakı mövqeyi bəllidir.
Azərbaycan millisinin də dünyadakı mövqeyini təxmin etmək mümkündür. Maltada baş tutan iki yoldaşlıq görüşündə meydan sahibləri və Latviyaya eyni – 0:1 hesabı ilə uduzan komandamız FİFA reytinqində də üzüaşağı yuvarlanacaq.
Ötən ay 1139 xalla planetin 121-cisi olan Azərbaycan millisinin Malta məğlubiyyətindən sonra 6 pilləlik eniş edəcəyi məlum idi. Latviya yenilgisi daha iki addımlıq geriləmə vəd edir.
Yəni əmsalı 1127-yə qədər azalacaq komanda 129-cu sırada qərarlaşacaq. Millimizi arxada qoyan son iki yığma Komor adaları ilə Antiqua və Barbudadır. Hər iki komanda irəliləyiş sayəsində Azərbaycan futbolçularına yuxarıdan aşağı baxacaq. Maraq üçün qeyd edək ki, Komor adalarının əhalisi 1 milyona yaxındırsa, Antiqua və Barbudada bu rəqəm 100 mindən azdır. AFFA-nın hesabat apardığı və saydığı futbol adamlarının sayı isə 200 mini çoxdan keçib.