A millidən U-21-ə göndərildi – Türkiyənin 27 illik həsrəti
24.09.2026 - 12:49
A millidən U-21-ə göndərildi – Türkiyənin 27 illik həsrəti

Futbol üzrə Türkiyənin əsas millisinin heyətinə çağırılan İlhan Fakılı müvəqqəti olaraq U-21 yığmasına göndərilib.

Apasport.az xəbər verir ki, “Beşiktaş”ın 20 yaşlı vingeri əsas və U-21 millilərinin məşqçi korpuslarının birgə qərarı ilə sentyabrın 26-da Ukraynaya qarşı keçiriləcək vacib matçda gənclər yığmasına kömək edəcək.

Qarşılaşmadan sonra Fakılı yenidən əsas millinin düşərgəsinə qayıdacaq.

Bu qərarın əsas səbəbi Türkiyə U-21 millisinin 27 ildən sonra Avropa çempionatına çıxmaq uğrunda həlledici mərhələyə yaxınlaşmasıdır. Egemen Korkmazın komandası 2027-ci il Avropa çempionatının seçmə mərhələsində H qrupunda 6 oyundan sonra 11 xalla ikinci pillədədir. Ukrayna ilə görüşdə ən azı bir xal qazanılacağı təqdirdə Türkiyə pley-off mərhələsinə vəsiqəni təmin edəcək.

Türkiyə U-21 millisi tarixində sonuncu dəfə 2000-ci ildə Avropa çempionatının final mərhələsində iştirak edib. Komanda qrup liderliyi şansını da saxlayır və bunun üçün bir oyun az keçirən, 13 xalla birinci olan Xorvatiyanın xal itirməsinə ümid edir.

Qeyd edək ki, İlhan Fakılı ilkin olaraq Türkiyənin Fransa, İtaliya və Belçikaya qarşı Millətlər Liqası oyunları üçün əsas milliyə dəvət olunmuşdu.