
İtaliya Futbol Federasiyası A Seriyası təmsilçiləri ilə bağlı yeni qərar qəbul edib.
Apasport.az xəbər verir ki, A Seriyasından B Seriyasına düşən komandaların futbolçularının maaşı 25% azaldılacaq.
Bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
Qərarda qeyd olunub:
“İtaliya A Seriyasında futbolçuların kollektiv müqaviləsinin 5.2-ci maddəsinin 7-ci bəndinə əsasən, komanda B Seriyasına düşdükdə oyunçuların maaşı avtomatik olaraq 25% azaldılır. Bu zaman yeni hesablanmış maaş futbolçunun yaş kateqoriyasına uyğun olaraq müəyyən edilmiş minimum həddən aşağı olmamalıdır.
Bu maaş azaldılması komandanın aşağı liqaya düşdüyü mövsümün dərhal ardından qüvvəyə minir və klub yenidən A Seriyasına yüksələnədək qüvvədə qalır. Komanda A Seriyasına qayıtdıqda isə futbolçunun əvvəlki maaş səviyyəsi bərpa olunur.
Bununla yanaşı, yeni qayda klublara və futbolçulara, klubun iştirak etdiyi və ya edəcəyi yarışlara əsasən, fərdi müqavilələrdə maaş məbləğini dəyişdirmək imkanı verir. Yəni maaş daxili və beynəlxalq turnirlərdə iştirak vəziyyətinə görə dəyişə bilər".
Qeyd edək ki, qərar rəsmi olaraq 2 sentyabr 2025-ci ildən qüvvəyə minəcək.