Argentina və Messi rekorda yaxınlaşır
28.09.2022 - 09:00
Argentina və Messi rekorda yaxınlaşır

Argentina millisi növbəti yoldaşlıq görüşünü keçirib.

Apasport.az saytının məlumatına görə, Yamayka üzərində 3:0 hesablı qələbə qazanan Cənubi Amerika təmsilçisi uğurlu seriyasını davam etdirib.

Lionel Skaloninin kollektivi bununla məğlubiyyətsiz oyunlar seriyasını 35-ə çatdırıb. “Tanqoçular” sonuncu dəfə 2019-cu ilin iyununda Amerika Kubokunun yarımfinalında Braziliyaya (0:2) yenilib. Argentinanı indi dünya rekordundan cəmi 2 oyun ayırır. Çünki rekord 2018-2021-ci illər aralığında 37 görüşdə uduzmayan İtaliya yığmasına məxsusdur.

Yamayka ilə matçda dubla imza atan Argentina yığmasının kapitanı Lionel Messi millidəki qol sayını 90-a yüksəldib. Leo malayziyalı Moxtar Daxarini (89 qol) geridə qoyaraq, yığmalarda ən çox fərqlənən üçüncü ünvanına yiyələnib. Superulduz hazırda yalnız portuqaliyalı Kriştiano Ronaldo (117) və iranlı Əli Daidən (109) geri qalır.

0