“Kasımpaşa” Türkiyə Super Liqasının XIX turu çərçivəsində səfərdə “Trabzonspor”a 1:2 hesabı ilə məğlub olub.
Apasport.az xəbər verir ki, qonaqların baş məşqçisi Emre Belözoğlu oyundan sonra keçirilən mətbuat konfransında bir sıra açıqlamalar verib.
Təcrübəli mütəxəssis matçın baş hakimini sərt tənqid edib: “Kiminsə vecinə olacağını düşünmürəm, amma deməli olduğum bir-iki söz var. Bu ölkədə ən yüksək səviyyədə futbol oynamış futbolçu mənəm. Bəzən bu cür danışmağa özümü məcbur hiss edirəm. Əgər ölkə futbolunun irəli getməsini istəyiriksə, dərhal baş hakimlərin idarəçiliyini düzəltməliyik. Qırmızı vərəqəni göstərə bilməməsini bir kənara qoysaq belə, bu qədər zəif oyun idarə olunmaz. "Qalatasaray"la oyunda Lukas Torreyra oyunçumuzun ayağına basanda qırmızı kart verilmədi, bu gün Paul Onuaçu eyni hərəkəti təkrarlayanda da verilmədi, amma Kerem Demirbaya asanlıqla qırmızı kart göstərildi. Görəsən, Keremin üzərində "Qalatasaray" forması olsaydı, bu qərar bu qədər rahat verilərdimi? Bu hakimlərlə bu liqa bu cür davam edə bilməz. Oyunçuların zəhmətinə heyfiniz gəlsin”.
Qeyd edək ki, “Kasımpaşa” hazırda 16 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.