"Nitsa” azarkeşləri komandanın bazasına daxil olaraq futbolçuları və idman direktorunu döyüblər.
Apasport.az xəbər verir ki, buna səbəb klubun noyabr ayında keçirdiyi bütün oyunlarda məğlub olmasıdır.
Hadisə zamanı futbolçular arasında ən çox zərər görənlər yarımmüdafiəçi Jeremi Boqa və hücumçu Terem Moffi olublar. Azarkeşlər onları şillələyib, yerə yıxıb və təpiklə vurublar.
Zərər çəkənlər arasında klubun idman direktoru Florian Moris də olub. Lakin futbolçulardan fərqli olaraq mühafizəçilər onu xilas edə biliblər.
Ümumilikdə, “qartallar”ın bazasına təxminən 400 azarkeş gəlib. Onları görən mühafizəçilər kənara çəkilərək azarkeşlərin əsas girişdən maneəsiz şəkildə daxil olmasına imkan yaradıb.