Hakan Safi Merih Demiralı açıqladı, “Əl-Əhli”dən dərhal cavab gəldi
05.06.2026 - 10:15
Hakan Safi Merih Demiralı açıqladı, “Əl-Əhli”dən dərhal cavab gəldi

“Fənərbaxça”da prezidentliyə namizəd Hakan Safi transferlə bağlı diqqətçəkən açıqlama verib.

Apasport.az xəbər verir ki, Safi Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunda çıxış edən Merih Demiralla anlaşdıqlarını bildirib.

O, müdafiəçi ilə layihəsi barədə danışdığını və futbolçudan müsbət cavab aldığını söyləyib:

“İlk transferimizi açıqlayırıq, davamı da gələcək. Merih Demirala təşəkkür edirəm. Planlarımı onunla bölüşdükdən sonra mənə ‘Səninlə hər yerdə olaram, başqanım’ dedi. Onun çempionluq yarışında kapitanlıq və böyük xarakter göstərəcəyinə əminəm”, - deyə Hakan Safi bildirib.

Bu açıqlamadan sonra Merih Demiralın klubu “Əl-Əhli”dən də diqqətçəkən paylaşım gəlib. Səudiyyə Ərəbistanı təmsilçisi futbolçunun fotosunu paylaşaraq “Demiral əvvəldən sona qədər Əl-Əhlilidir” ifadəsini işlədib.

Qeyd edək ki, Merih Demiralın “Əl-Əhli” ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.