Hakandan cavab gecikmədi: “MƏNİ ƏN ÇOX TƏƏCCÜBLƏNDİRƏN…”
01.07.2025 - 15:36
Hakandan cavab gecikmədi: “MƏNİ ƏN ÇOX TƏƏCCÜBLƏNDİRƏN…”

Daha əvvəl xəbər verdiyimiz kimi, Türkiyə millisinin üzvü Hakan Çalhanoğlu ilə “İnter”dəki komanda yoldaşı Lautaro Martinez arasında gərginlik yaşanmışdı.

Apasport.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi bu məsələ ilə bağlı rəsmi sosial media hesabında açıqlama yayıb.

Çalhanoğlu zədə səbəbindən oyunlarda iştirak edə bilmədiyini və bunun xaricində başqa heç bir səbəbin olmadığını bildirib:

“UEFA Çempionlar Liqasında yaşadığım zədədən sonra yenidən komanda ilə birlikdə ABŞ-a yollanmaq qərarı verdim. Təəssüf ki, orada keçirilən məşqlərin birində tamamilə fərqli bir nahiyədən yenidən zədə aldım. Bu zədə mənim oyunlarda iştirak etməyimə mane oldu. Başqa heç bir səbəb yoxdur. Dünənki məğlubiyyətə görə məyusam. Zədəli olsam da, oyundan sonra bəzi komanda yoldaşlarıma zəng edərək onlara motivasiya verdim. Məni ən çox təəccübləndirən isə haqqımda verilən açıqlamalar oldu. Onlar birləşdirici xarakter daşımırdı. Karyeram boyunca üzərimə düşən məsuliyyəti hər zaman layiqincə yerinə yetirmişəm. “İnter”ə heç vaxt xəyanət etməmişəm, bu klubda xoşbəxt olmadığımı da heç vaxt deməmişəm. Futbolu sevirəm, “İnter”i sevirəm və bu klub üçün əlimdən gələni etməyə daim hazıram. Tarix həmişə dik durmağı bacaranları xatırlayacaq. Ən çox səs-küy salanları deyil”.

Qeyd edək ki, “İnter” ötən gecə Klublararası Dünya Çempionatı çərçivəsində “Fluminense”yə 0:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.