İspaniya Superkubokunun iştirakçıları müəyyənləşib
19.05.2025 - 22:56
İspaniya Superkubokunun iştirakçıları müəyyənləşib

İspaniya Superkubokunda mübarizə aparacaq bütün komandaların adları müəyyənləşib.

Apasport.az xəbər verir ki, turnirdə La Liqanın ilk dörd pilləsində qərarlaşan klublar iştirak edəcək.

Yarışın reqlamentinə əsasən, Superkuboka İspaniya Kubokunun finalçısı olan komandalarla yanaşı, çempionatda yüksək pillələri tutan klublar da qatılır. Cari mövsümdə həm kubokun finalında, həm də La Liqada ilk iki yeri tutan “Barselona” və “Real Madrid” turnirə birbaşa vəsiqə qazanıblar. Onlara La Liqanı 3-cü və 4-cü yerlərdə başa vuran “Atletiko Madrid” və “Atletik” klubları da qoşulub.

Turnir 2026-cı ilin yanvar ayında Səudiyyə Ərəbistanında keçiriləcək.

Yarımfinal mərhələsində “Barselona” “Atletik”lə, “Real Madrid” isə “Atletiko” ilə qarşılaşacaq.

Qeyd edək ki, turnirin son qalibi kataloniyalılar olub.