İtalianodan Türkiyə etirafı: “Özümü 90-cı illərin İtaliyasında hiss edirəm”
24.09.2026 - 11:36
İtalianodan Türkiyə etirafı: “Özümü 90-cı illərin İtaliyasında hiss edirəm”

“Beşiktaş”ın baş məşqçisi Vinçentso İtaliano Türkiyə futbolu və Superliqa ilə bağlı fikirlərini bölüşüb.

Apasport.az xəbər verir ki, italiyalı mütəxəssis “Corriere dello Sport”a açıqlamasında Türkiyədəki stadion atmosferinin ona İtaliya futbolunun 1980–90-cı illərini xatırlatdığını bildirib.

“Buradakı mühit möhtəşəmdir. Stadionlar yeni, böyük və azarkeş ehtirası çox yüksəkdir. Bu, mənə İtaliyada insanların bütün həftə sonu keçiriləcək oyunu gözlədiyi 80–90-cı illəri xatırladır. Üstəlik, belə atmosfer yalnız böyük klublarda deyil, hər yerdə var”.

İtaliano son olaraq “Amedspor”la səfər qarşılaşmasındakı atmosferi xüsusi qeyd edib:

“Orada 40 min azarkeş var idi. İnanılmaz, demək olar ki, cəhənnəm atmosferi yaşanırdı. Uşaq vaxtı İtaliyada stadionların tam dolduğu dövrlərdəki hissləri burada yenidən yaşayıram”.

48 yaşlı mütəxəssis Superliqanın səviyyəsinin də yüksəldiyini vurğulayıb:

“Bəlkə bu çempionat Avropanın ən böyük beş liqasından bir qədər aşağı səviyyədədir, amma keyfiyyətli liqadır və inkişaf edir. Buraya davamlı olaraq yaxşı futbolçular və xarici məşqçilər gəlir. Klub prezidentləri də daxil olmaqla, hamıda ən yaxşı olmaq istəyi var”.

İtaliano “Beşiktaş”ın mövsümün əvvəlində yenidənqurma prosesindən keçdiyini də xatırladıb. Onun sözlərinə görə, komanda düşərgəyə əsas heyətin böyük hissəsi olmadan başlayıb, daha sonra milli futbolçuların və Duşan Vlahoviçin qoşulması ilə heyət tam formalaşıb.

“Başlanğıcdakı vəziyyəti nəzərə alsaq, bu gün ‘Beşiktaş’ın çatdığı səviyyə məni də təəccübləndirir. Mən belə sürətli inkişafı gözləmirdim”, – deyə baş məşqçi bildirib.

İtaliano həmçinin komandasının müxtəlif taktiki sistemlərdən istifadə etdiyini, Salih Özcanın meydanda olduğu zaman 4-3-3 sxeminə keçə bildiklərini və aqressiv futbol fəlsəfəsindən imtina etmədiyini qeyd edib.

İtaliyalı məşqçi Türkiyədə hakimlərlə bağlı müzakirələrin də çox sərt aparıldığını bildirib. O, “Alanyaspor”la görüşdə Leandro Trossarda qarşı epizodda nə baş hakimin, nə də VAR-ın müdaxilə etməməsinin klub rəhbərliyində ciddi narazılıq yaratdığını söyləyib.