"Derbi matçları böyük görüşlərdir. Arda Turan, Selçuk İnan və Çağdaş Atan çox bacarıqlı mütəxəssislərdir".
Apasport.az xəbər verir ki, bunu "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo deyib.
O, Super Liqanın XIV turunun "Qaziantep"lə matçını dəyərləndirib. Portuqaliyalı 3:1 hesabı ilə qələbə qazandıqları görüş barədə fikirlərini bildirib: "Matça çox güclü başladıq. Oyunu erkən bitirmək üçün fürsətlərimiz oldu. Amma bacara bilmədik. Rəqibin yaxşı baş məşqçisi var, uğurlu oyun planı sərgiləyirlər. "Qaziantep"in təzyiqini üzərimizdə hiss etdik. İkinci hissədəki çıxışımızdan razı qaldım. Layiqli qələbə qazandıq. Selçuk İnanı da təbrik edirəm".
Mütəxəssis Duşan Tadiç və Oğuz Aydını xüsusi fərqləndirib: "İrfan Canın ciddi zədəsi var idi. Ən sürətli şəkildə sağalmaq üçün addım-addım irəlilədi. Kahveci hazırda əvvəlki performansını göstərəcək durumda deyil. Tadiç isə hər yerdə oynayır. Çox ağıllı futbolçudur. Bugünkü Oğuz Aydınla mövsümün əvvəlindəki arasında böyük fərq var. Durmadan inkişaf edir və potensiyala malikdir".
Mourinyo Ciovanni van Bronkhorstu da yad edib: "Mənə bir az zaman verin. Van Bronkhorsta qarşı ediləni mənə etməyin. Bir məşqçi 3-4 ayda möcüzələr yarada bilməz. Bəli, müəyyən şeyləri dəyişmək mümkündür. Burda bir mədəniyyət var. Futbolçuların və klubun inkişaf etməsi üçün stabillik önəmlidir. Daha hüzurlu şəkildə çalışmaq istəyirəm".