
Futbol üzrə UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçında "Barselona" "doğma meydan"da "İnter"i qəbul edib (3:3).
Apasport.az xəbər verir ki, kataloniyalıların 17 yaşlı ulduz futbolçusu Lamin Yamal son dövrdə olduğu kimi bu matça da damğa vurmağı bacarıb.
Komandasının ilk qolunun müəllifi olan vunderkind görüşü 9.2 reytinq xalıyla bitirib.
Peşəkar karyerası ərzində 100-cü matçına çıxan Mərakeş əsilli ispaniyalı futbolçu son 20 ilə damğa vuran Messi və Ronaldonu da statistika olaraq kölgədə qoyub.
Belə ki, keçirdiyi 100 oyun etibarilə 22 qol və 33 assist edən Yamal, bu fantastik göstərici ilə superulduz olacağının siqnalını verib.
Maraq üçün 17 yaşında Lionel Messi karyerası ərzində 9 oyuna çıxıb, cəmi 1 qolla yadda qalmışdı. Kriştianu Ronaldo isə Yamalın yaşında olarkən 19 rəsmi matçda 5 qol və 4 assistlə fərqlənmişdi.
Qeyd edək ki, Lamin Yamalın "transfermarkt" portalındakı qiyməti də performansı qədər inanılmazdır: 180 milyon avro.