Türkiyə Super Liqası komandalarından “Beşiktaş” baş məşqçi axtarışlarını davam etdirir.
Apasport.az xəbər verir ki, boşda olan yerli və əcnəbi mütəxəssisləri gözdən keçirən yeni rəhbərlik demək olar ki, qərarını verib.
Belə ki, “ağ-qaralar” Roberto Mançini ilə görüşmələrə başlayıb. İtalyan mütəxəssis də bu təklifə müsbət yanaşıb.
Tərəflər arasında gedən danışıqlar müsbət nəticələnsə, Mançini bu ay komandanı təhvil alacaq.
60 yaşlı məşqçi daha öncə də Türkiyədə çalışıb. O, 2013-14-cü illərdə “Qalatasaray”ın baş məşqçi postunda olub.
Mançini son olaraq Səudiyyə Ərəbistanı milli komandasına rəhbərlik edib.
Qeyd edək ki, 2021-ci il Avropa Çempionatında İtaliyanı çempion edən Roberto “İnter”, "Mançester Siti", “Latsio”, “Fiorentina” kimi komandalarda da baş məşqçilik edib.