UEFA FIFA-nın 20 milyard dollarlıq kommersiya layihəsindən imtina etməsinə münasibət bildirib.
Apasport.az xəbər verir ki, Avropa futbol qurumu hazırkı FIFA rəhbərliyinin təkcə UEFA-nın deyil, futbol ailəsinin bir çox üzvünün də etimadını itirdiyini açıqlayıb.
Bəyanatda qeyd olunub:
“Qısa müddətə sıxışdırılmış təqvimlər, kimliyi bəlli olmayan şəxslər tərəfindən hazırlanmış və futbola verəcəyi fayda son dərəcə mübahisəli olan gizli planlarla davam edə bilmərik. Buna görə məsuliyyət daşıyan şəxsləri müəyyənləşdirməli və onların hesabat verməsini təmin etməliyik”.
UEFA layihənin geri götürülməsini futbol dünyasının qələbəsi kimi qiymətləndirib:
“Bu, bütün futbol dünyası adına qazanılmış qələbədir. Lakin məsələ bununla yekunlaşmamalıdır. Təklif geri götürülüb. FIFA-ya olan etimadın yenidən qurulması işi isə yeni başlayır”.
Qeyd edək ki, FIFA prezidenti Canni İnfantino daha əvvəl FIFA Forward Enterprise layihəsinin həyata keçirilməyəcəyini rəsmən açıqlamışdı.