İtaliya Kubokunda ilk finalçının adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, aşağı liqa klubu “Alessandria” üzərində böyükhesablı qələbə qazanan “Milan” həlledici matçda oynamaq hüququ əldə edən ilk komanda olub.
“Rossonyerlər” birinci görüşdə 1:0 hesabı ilə qalib gəldiyi rəqibin qapısından ikinci oyunda 5 cavabsız top keçiriblər. Jeremi Menez (20, 39), Alessio Romanyoli (24, 80) və Mario Balotellinin (89) qolları sayəsində rəqibini darmadağın edən milanlılar bununla 13 illik həsrətə son qoyublar. Belə ki, “Milan” 2002/03 mövsümündən sonra ilk dəfə İtaliya Kubokunun finalına yüksəlib.
Mayın 21-də baş tutacaq final qarşılaşmasında “Milan”ın rəqibi “İnter” – “Yuventus” cütlüyünün qalibi olacaq. İlk görüşdə 3:0 hesabı ilə qalib gələn “Yuve” bu gün səfərdə üstünlüyü qorumağa çalışacaq.
Qeyd edək ki, tarixi ərzində 13 dəfə İtaliya Kubokunun finalına yüksələn “Milan” bunun 5-də (1966/67, 1971/72, 1972/73, 1976/77, 2002/03) kuboku muzeyinə aparıb.