“35 metrdən “doqquzluğ”a zərbə vursa, nə edəcəklər?”
25.04.2016 - 12:52
“35 metrdən “doqquzluğ”a zərbə vursa, nə edəcəklər?”

“Mançester Siti” Ronaldonun qapıya zərbə vurmamağı üçün əlindən gələni edə bilər. Lakin Kriştianu 35 metrdən “doqquzluğ”a zərbə vurmağı qərara alsa, müdafiəçilər nə edəcəklər?”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Arsenal”ın və Fransa yığmasının sabiq hücumçusu Tyerri Anri deyib.

 

Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində sabah keçiriləcək “Mançester Siti” – “Real” qarşılaşması haqda açıqlama verən Anri maraqlı fikirlər səsləndirib.

 

İspaniya mətbuatına danışan keçmiş futbolçu Madrid klubunun lideri Ronaldo haqda müsbət fikirlər səsləndirib: “Ronaldo futbolçu kimi hər keyfiyyətə sahibdi. Bu səbəbdən “Real”da 7 mövsüm ərzində 360 qola imza atıb. Məni təəccübləndirən odu ki, bəziləri Ronaldonun futbol tarixinin ən güclülərindən biri olduğunu hələ də etiraf etmək istəmirlər. O, fenomenal oyunçudu. Lakin “Mançester Siti”nin üzvləri təkcə Ronaldonu deyil, “Real”ın digər futbolçularını da diqqətdə saxlamalıdılar”.

 

Anri “Mançester Siti”nin də finala adlamaq imkanının olduğunu qeyd edib: “İngilislər aparıcı oyunçularının hamısından istifadə edə bilsələr, kimdənsə qorxmalarına gərək qalmayacaq. Dünya futbolunda Aquero səviyyəsində çoxlu hücumçunun olduğunu düşünmürəm. O, mənə Rud van Nistelroyu xatırladır. Serxio 88 dəqiqə ərzində sərinlənməklə məşğul ola bilər, ancaq son saniyələrdə heç nədən qol vurmağı da bacarar. Aqueronu hazırkı məqamda dünyanın ən güclü 3-cü hücumçusu hesab edirəm. O, yalnız Luis Suares və Robert Levandovskidən geri qalır. Bir nömrə isə Suaresdi. Çünki çoxlu qol vurmaqla yanaşı, komanda yoldaşlarının da fərqlənməsinə imkan yaradır”.