Premyer Liqanın XVI turunun AZAL - "Qarabağ" oyunu matçı televiziya ilə izləyənlər üçün qeyri-adi hakim qərarıyla yadda qalıb. Apasport.az saytının məlumatına görə, qarşılaşmanın baş hakimi Orxan Məmmədov meydan sahiblərinin yarımmüdafiəçisi Sadio Tounkaranı ilk baxışdan gözlənilmədən meydandan qovub.
Belə ki, ilk hissəyə əlavə olunmuş 2-ci dəqiqədə Tounkara qapıçı ilə təkbətək zamanı topa daha tez çatan İbrahim Şehiç özünü yerə atıb. Dərhal cərimə zərbəsi təyin edən Məmmədov nigeriyalı futbolçuya öncə sarı, ardınca isə qırmızı vərəqə göstərib.
Buna qədər Tounkaranın passivində sarı vərəqə olmadığını zənn edən televiziya tamaşaçıları sabiq FİFA referisinin bu qərarını anormal sayıb. Bəziləri onun eyni vaxtda ardıcıl iki dəfə sarı, ardından isə qırmızı vərəqəyə müraciət etdiyini də düşünə bilər.
Epizodun videotəkrarına baxdıqda AZAL-ın oyunçusunun Şehiçə qarşı kobud oynamadığı və referinin səhvə yol verdiyi görünür. Bu hakimin 2-ci sarı vərəqədəki kobud səhvidi.
Qərara qəzəblənən AZAL-ın baş məşqçisi Tərlan Əhmədov "daha deyin, futbol oynamayın da" deyə qışqırıb.
Çoxları üçün anlaşılmaz qalan ilk xəbərdarlıq isə matçın 10-cu dəqiqəsinə təsadüf edib. Həmin vaxt malili legioner hakimlə danışdığına görə cəzalanıb. Amma bu epizod kameraların diqqətindən kənar qalıb. Məhz bu da ikinci sarı vərəqə alınan zaman çoxlarında anlaşılmazlıq yaradıb.
Qeyd edək ki, hazırda fasilə olan görüşdə AZAL 1:0 hesabı ilə öndədi.