Topaz Premyer Liqasının bu gün keçiriləcək AZAL-la oyunu “Neftçi”nin futbolçusu Cavid İmamverdiyev üçün əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionatlarında indiyədək 149 matça çıxan yarımmüdafiəçi yubileyin astanasındadı.
“AZAL Arena”da meydana çıxsa, 150-ci matçda iştirak edəcək 26 yaşlı futbolçu bu müddətdə 11 qol vurub. 2008-ci ildən “ağ-qaralar”ın şərəfini qoruyan İmamverdiyev bütün qollarını bu komandada bayram edib. 124 görüşü paytaxt klubunda baş tutan futbolçu digər 25 oyunu “Karvan”da keçirib.
Qeyd edək ki, Cavid “Neftçi”də bütün yarışlarda üst-üstə 164 matçda 17 qol vurub.