“Bunu yazan adam Mustafa Dənizlini tanımır” - MÜSAHİBƏ
13.03.2014 - 18:56
“Bunu yazan adam Mustafa Dənizlini tanımır” - MÜSAHİBƏ

“Rəvan” klubunun baş məşqçisi Güvənç Kurtarın apasport.az saytına müsahibəsi

 

- Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində evdə “Bakı”ya uduzdunuz (0:1). Matçı təhlil etməyə imkan tapmısınız?

- Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Lakin üstün oynayaraq, qələbə qazanmadılar. İlk yarıda 2 epizodları oldu, onun da birini dəyərləndirdilər. Düşünürəm ki, nəticə fərqli ola bilərdi. Təmiz penaltimiz verilmədi, bunu da nəzərə alın.

 

-  Həmin epizodun videogörüntüsünə baxdınızmı?

- Buna ehtiyac yoxdur. Aşkar, rahat görülə biləcək bir epizod idi. Qaydalar hər kəsin məlumudur: əl bədənə yapışmayıbsa, açıqdırsa, penaltidir.

 

- Yarımfinala yüksəlmək şansınızı necə dəyərləndirirsiniz?

- İlk oyun göstərdi ki, biz də “Bakı”nı səfərdə məğlub edə bilərik. Buna inanırıq.

 

- “Rəvan”a gəldiyiniz gündən bəri işləriniz yaxşı getmirdi. Lakin Topaz Premyer Liqasının XXIII turunda səfərdə “Qəbələ”də heç-heçə etdikdən sonra (0:0) komandanızda özünəinam hissi artdı. Əvvəl AZAL-ı (1:0), ardınca da “Xəzər Lənkəran”ı (2:1) məğlub etdiniz...

- Hər bir məşqçinin zamana ehtiyacı olduğu məlum məsələdir. Vaxt keçdikcə, daha da yaxşı olacağıq. Son matçlar doğru yolda olduğumuzu göstərdi. Rəqibdən asılı olmayaraq, çətin məğlub ediləcək bir kollektivə çevrilməkdəyik.

 

- “Xəzər Lənkəran”la matçdan sonra həmyerliniz Mustafa Dənizli ilə aranızda xoşagəlməz hal yaşandığı doğrudur?

- Xeyr, qətiyyən belə bir şey ola bilməz. Mən də eşitdim, amma bunu yazan adam Mustafa hocanı tanımır, hər halda. Dostluğumuzu bir kənara qoyuram, Dənizli qarşısındakı insanlarla düzgün davranan bir adamdır. O, kimsəyə hörmətsizlik etməz.

 

- Növbəti turda “Simurq”un qonağı olacaqsınız. Zaqatalaya hansı əhval-ruhiyyə ilə gedirsiniz?

- Bu matçda gənclərə, oynamaq şansı az olan futbolçulara güvənəcəyəm. Əsas heyətin 4 üzvü cəzalıdır, üstəlik, 4 futbolçuya da istirahət verəcəyəm.

 

- Bu martın 19-da “Bakı” ilə keçirəcəyiniz cavab matçı ilə bağlıdır, yoxsa növbəti mövsümdə Premyer Liqa klublarının sayının artırılacağı ilə bağlı qərar sizi bir qədər arxayınlaşdırıb.

- Yox, sırf kubok matçı ilə bağlıdır. Kim olsa belə edər. Hər halda, avrokuboka düşmək şansımız var.

 

- Növbəti mövsüm üçün planınız necədir: “Rəvan”da qalacaqsınız?

- Təbii ki, işimi davam etdirmək istəyirəm. Azərbaycana ölkə futboluna xeyir vermək üçün gəlmişik. Öz komandamı formalaşdırmaq üzrəyəm. Növbəti mövsüm üçün böyük transferlərə də gərək yoxdur. İki oyunçu alsaq, bəs edər. Hazırda yaxşı bir heyətimiz var. Bu futbolçularla çox iş görmək olar.    

0