Ötən mövsüm qış fasiləsində “Teplise” klubundan icarə əsasında “İnter”ə gələn İvo Taborski Çexiya mətbuatına müsahibə verib. Apasport.az xəbər verir ki, mövsüm başa çatmamış Kaxaber Sxadadze tərəfindən geri göndərilən 29 yaşlı hücumçu Bakı klubundan narazı qaldığını, ümumiyyətlə, Azərbaycanda futbola maraq olmadığını bildirib.
- Azərbaycanda oynamaq mənim üçün legioner həyatı yaşamaq baxımından yaxşı idi. “İnter” ölkənin ən güclü klublarından biridir. İndi də Avroliqada oynayacaqlar. “Teplise”dən icarəyə getdim və 6 oyunda meydana çıxdım. Amma sonradan oradakı karyeram alınmadı.
- Komandada sizə münasibət necə idi?
- Mən ora qış fasiləsində getdim. Hər şey yaxşı idi. Komandaya qatıldığım gündən daim oynayırdım. 6 oyunda ardıcıl meydana çıxdım və hər şey yaxşı idi. Həm də Azərbaycan ölkə kimi məni qane edirdi. Bakıda həyat gözəl idi. Gözəl şəhər, yaxşı insanlar. Maliyyə baxımından da pis deyildi. Hər şey sonradan dəyişdi. Artıq mən ehtiyatda oturmağa başladım və fikirlərim qarışdı. Çünki oynamaq və qol vurmaq istəyirdim.
- Yenidən “Teplise”yə qayıtmısınız, burada alınacaq?
- Bakıdan Kiprə getdim. Bir az istirahət lazım idi. İndi məzuniyyətdən qayıdıb futbol haqqında düşünmək lazımdır. Bəlkə də “İnter”ə 6 aylıq icarəyə getməklə səhv etdim. Bundan sonra öz komandamın uğurları üçün çalışacağam. “İnter”ə qarşı isə qəzəbim yoxdur.
- Bəs, “İnter”də niyə ehtiyatda qalırdınız?
- Bilmirəm. Bunun səbəblərini hələ də araşdırıram. “İnter”in özünəməxsus taktikası var idi. 5-4-1 sistemi ilə oynayırdılar. Cəmi bir hücumçu meydana çıxırdı. Komandanın əsas forvardı baş məşqçinin oğlu idi. Mən həmişə ikinci planda olurdum. Oynadığım 6 matçda da sonradan meydana girdim. Düşündüm ki, düzələr. Amma heç nə dəyişmədi. Bir futbolçuya qol vurmaq üçün şans və zaman lazımdır.
- Yəni, “İnter” sizin üçün geriyə addım oldu?
- Belə də demək olar. Gərək ora getməyəydim. İndi isə bütün olanları geridə qoymuşam. Növbəti mövsümə tam hazırlaşmaq fikrindəyəm. “Teplise” ilə uğur qazanmaq üçün imkanım olacaq. Böyük istəyim var. Ümid edirəm ki, bundan sonra karyeramda yüksəliş olacaq.
- Azərbaycan çempionatı keyfiyyət baxımında necədir?
- Klublarda xeyli sayda əcnəbi futbolçular var. Futbola böyük pullar yatırılır. Klublar yaxşı futbolçular, yaxşı məşqçilər dəvət edirlər. Bizim komandada 3 ispan və 2 fransız futbolçu var idi. Sonra Almaniya Bundesliqasında oynamış Aleksandr İaşvili də “İnter”ə gəlmişdi. Digər komandalarda da belələri var. Amma bir az nizam-intizam aşağıdır. Yerli futbolçular klublara oyuncaq kimi baxır. Amma Premyer Liqa ümumilikdə normal çempionatdır.
- Bakıdakı həyatı təriflədiniz. Fərqli nə var idi?
- Çox şey. Məsələn, Bakıya baxa bilərsiniz. Günü-gündən gözəlləşir, yeni binalara tikilir. 2015-ci il Avropa Yay Olimpiya oyunları orada baş tutacaq. Amma Bakıdan kənardakı digər yerlərdə heç nə yoxdur. Komandaların çoxu da paytaxtı təmsil edir. Bu isə futbolun inkişafına təsir edir.
- Əgər komandaların əksəriyyəti paytaxtı təmsil edirsə, deməli, çoxlu derbi olur?
- Yox, nə derbi? (gülür). Oyunlara ən yaxşı halda 500 nəfər azarkeş gəlirdi. Digər idman növləri əhali üçün maraqlı idi. Bir dəfə Bakıda voleybol qarşılaşmasına baxdım. Həmin oyunda futboldakından çox azarkeş var idi. Ümumiyyətlə, futbol Azərbaycanda maraqlı deyil. Daha çox gəzməyə və əyləncəyə üstünlük verirlər.