“Kəpəz”in rəqibi qafqazlılara müraciət etdi
21.06.2016 - 10:37
“Kəpəz”in rəqibi qafqazlılara müraciət etdi

Avropa Liqasının I təsnifat mərhələsində Bakıda baş tutacaq “Kəpəz” – “Daçiya” matçını xeyli sayda qonaq azarkeşin tribunadan izləyəcəyi gözlənilir. Apasport.az Moldova klubunun rəsmi saytına istinadən xəbər verir ki, “Daçiya” rəhbərliyinin müraciəti bunu deməyə əsas verir.

 

Məsələ burasındadı ki, klubun qafqazlı rəsmiləri öz həmvətənlərinə və dostlarına rəsmi müraciət ünvanlayıb. Bunlar “Daçiya”nın prezidenti Adlan Şişxanov, komandanın rəisi Muxajir Polonkoyev və klubun futbolçusu Ruslan Şauvxalov olub.

 

Müraciətdə “Daçiya”nın “Kəpəz”lə səfər qarşılaşmasında azarkeş dəstəyinin vacibliyi qeyd olunub: “Bizim üçün 12-ci oyunçu vacibdi. Odu ki, sizi Bakıda gözləyirik. Sizinlə birlikdə Bakıda qələbəyə ümid edirik”.

 

Qeyd edək ki, “Kəpəz” – “Daçiya” qarşılaşması iyunun 30-da keçiriləcək.