İngiltərə Futbol Federasiyası “Liverpul” klubuna ağır cəza tətbiq edib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “qırmızılar”a 2 il müddətinə transfer qadağası qoyulub.
Buna səbəb klubun “Stok Siti”dən aldığı 12 yaşlı bir uşağın keçidində qanuna əməl etməməsi göstərilib. Belə ki, “Liverpul” vaxtilə “Stok Siti”dən bir yeniyetməni məktəb xərclərini qarşılayaraq transfer edib. Martın 22-də başladılan istintaq artıq başa çatıb. Federasiya “qırmızılar”a 100 min funt-sterlinq pul cəriməsi kəsməklə yanaşı, klubun aşağı yaş qruplarına başqa komandalardan oyunçu almasına qadağa qoyub.
Cəzanın ilk ili bu gündən başlayaraq, gələn ilin aprelinə qədər davam edəcək. İkinci ili isə 3 illik təxirə salınıb. “Liverpul” bu 3 il ərzində qaydalara uyğun olmayan transfer həyata keçirərsə, cəzanın ikinci ili də qüvvəyə minəcək.
Qeyd edək ki, “Stok Siti”dən alınan 12 yaşlı yeniyetmə üçün “Liverpul” qarşı tərəfə 50 min funt-sterlinq ödəməkdən boyun qaçırmış, əvəzində uşağın məktəb xərclərini qarşılamışdı.