“Mançester Yunayted” gənc futbolçusu Andreas Pereyranı heç yerə buraxmayıb. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, braziliyalı yarımmüdafiəçi klubu ilə yeni müqavilə imzalayıb.
PSJ və “Yuventus”un maraq dairəsində olan 19 yaşlı futbolçu “qırmızı şeytanlar”la 3 illik peşəkar müqavilə bağlayıb. İmzalanma mərasiminə baş məşqçi Lui van Qalla birlikdə qatılan “sambaçı” “Mançester Yunayted”də uğurlu karyera quracağına inandığını bildirib: “Mənə əsas komandaya düşmək şansı verən baş məşqçimə minnətdaram. “Old Trafford”da minlərlə azarkeşin qarşısına çıxaraq arzularımı gerçəkləşdirdim”.
Qeyd edək ki, 2011-ci ildən “Mançester Yunayted”in aşağı yaş qruplarında iştirak edən Andreas Pereyra Braziliyanın U-20 millisinə çağırılır.