[b]Məşqçisi AZAL-ı "bombaladı": Rəhbərliyin səhvi çoxdu[/b]
16.03.2014 - 20:50
[b]Məşqçisi AZAL-ı "bombaladı": Rəhbərliyin səhvi çoxdu[/b]

AZAL-ın məşqçisi Şakir Qəribov bu gün keçirilmiş Topaz Premyer Liqasının XXVI turunun "Neftçi"yə qarşı oyunundan sonra fikirlərini açıqlayıb. Apasport.az saytı həmin açıqlamalarla tanış edir.


- Məğlub olmağımıza (1:2) baxmayaraq, uşaqlar yaxşı təsir bağışladılar. İlk hissədə yaratdığımız qol vəziyyətlərindən istifadə edə bilmədik. İlk hissədən sonra 0:2 hesabı ilə geridə idik. Oyunu bərabərləşdirmək üçün isə əlavə güc lazım idi. Yaratdığımız qol epizodları oyunda qalib gəlməyimiz üçün kifayət idi. Rəqibimiz də yaxşı komandadı. Son 3 ilin çempionu və Avropada çıxışı ilə azarkeşləri sevindirib. Deyərdim ki, AZAL bu gün ən yaxşı oyunlardan birini oynadı.

 

- Oyundan bir gün öncə komandanın baş məşqçisi Vaqif Sadıqovun komandadan ayrılması AZAL-ın oyununu nə dərəcədə təsir etdi?

- Əlbəttə, çox mənfi təsir göstərdi. Çünki Sadıqov ilyarım idi ki, komandanın sükanı arxasında idi. Özünüz də yaxşı bilirsiz ki, oyuna bir gün qalmış baş məşqçinin çıxarılması nə deməkdi. Sadıqovun yoxluğu hər birimizə, hətta 18 yaşındakı futbolçuya da təsir etdi. Hər bir ölkədə hər şeyi sivil yolla həll edirlər. Oyundan bir gün əvvəl necə ola bilər ki, komandanın baş məşqçisin çıxarsınlar? Nəyə görə? Baş məşqçini çıxarmaqda da məqsəd olmalıdı axı. Görüş qapalı keçdiyi üçün Sadıqovun çıxarılma səbəbini bilmədim. Mən komandaya Vaqif müəllimlə gəlmişəm, onunla da gedəcəm. Sadəcə, bu gün komandanı meydana çıxarmağa heç kim yox idi. Azərbaycanda belə hadisələr çox olub, ancaq başa düşən olmayıb. Sadıqov Azərbaycanın ən böyük məşqçilərindən biridi. Rəhbərliyin də səhvi çoxdu. Səhvlərin nə başı var, nə də ayağı. Azərbaycan klublarının yaxşı biliciləri olsun, bu gün Sadıqov ən yaxşı komandalarda işləyər. Mən bunu çəkinmədən deyirəm, sözümün də arxasında dururam.

 

- Vaqif Sadıqovun istefa məsələsi gündəmdə deyildi. Çünki klubun vitse-prezidenti Vaqif Qasımov müsahibəsində qeyd etmişdi ki, məşqçinin müqaviləsi ola-ola onu göndərmək qeyri-peşəkarlıqdı...

- Ancaq Azərbaycanda belə şeylər baş verir. Məşqçi ilə müqavilə imzalanıbsa, axıra qədər də o çalışmalıdı. Bunun üçün də qanunlar hazırlanmalıdı. Hər kəs bilir ki, Azərbaycanda məşqçilərlə müqavilə imzalanmır. Sadıqovu çox yaxşı tanıyıram. O, heç vaxt işini yarıda qoyub getməyib. Ola bilsin ki, nəsə anlaşılmazlıq olub. Biz gərək yerli məşqçilərə qiymət verək. Kimin səhvləri var zamanla görünəcək. O, öz işinin peşəkarıdı. Heç vaxt özü istefa verməz. Ola bilsin ki, bu, mənim AZAL-da axırıncı günümdü.

 

- Tərlan Əhmədovun komandaya gətiriləcəyi deyilir...

- Allah xeyir versin. Kim istəməz ki? O rəhbərlik, o da Tərlan. Biz məşqçilər bu gün burdayıq, sabah başqa bir yerdə. İstərdik ki, düzgünlük olsun. Düzgünlük də yoxdu.

 

- Bildiyimiz qədərilə vaxtilə Nazim Süleymanov da AZAL da müqaviləsiz çalışıb...

- Tək o deyil ki. Bu gün Azərbaycan məşqçilərinin əksəriyyəti elədi. UEFA və FİFA bu məsələlərə nə vaxt nəzarət etsə, onda da bizim futbolumuz olacaq (futbolinfo.az)

 

0