Azərbaycanda “Neftçi”, “Bakı”, “İnter” və “Qarabağ” klublarında çıxış etmiş, sabiq gürcüstanlı futbolçu Georgi Adamiyanın apasport.az saytına müsahibəsi
- Karyeranızı bitirdikdən sonra nə işlə məşğulsuz?
- Hazırda futbol sahəsində çalışmıram. Fikrimi ancaq ailəmə yönəltmişəm. Belə deyək, hər gün övladlarımın dalınca qaçıram (gülür).
- Çempionlar Liqasının II təsnifat mərhələsində Azərbaycan və Gürcüstan çempionları üz-üzə gələcək. “Qarabağ” və “Samtredia”nın duelində hansı tərəfi şanslı sayırsız?
- Əvvəllər “Qarabağ”ın formasını geyindiyimdən, bu komandanın gücünə bələdəm. Eyni zamanda, “Samtredia”nın potensialını bilirəm. Şansların bərabər olduğunu düşünürəm. Gürcüstan çempionatının ilk dövrəsi bir neçə gün öncə başa çatdı. Deməli, “Samtredia” yaxşı formadadı, “Qarabağ”ın isə avrokubok təcrübəsi daha çoxdu.
- Ötən il “Samtredia” digər komandamız “Qəbələ” ilə qarşılaşmışdı. Bakıdakı görüşdə “qırmızı-qaralar” rəqibə aman verməmişdilər – 5:1. “Samtredia” Gürcüstanda keçirilən matçda 2:1 hesablı qələbə qazansa da, mübarizəni dayandırmalı olmuşdu. Keçənilki və indiki “Samtredia” arasında nə kimi fərq var?
- Prinsipcə, böyük fərq yoxdu. Həmin vaxt heyətdə yer almış əksər oyunçular indi də “Samtredia”nın formasını geyinirlər. Açığı, Gürcüstan komandasının çempionatdakı son matçlarını izləməmişəm. Buna görə də, taktiki planda “Samtredia”da dəyişikliklərin olub-olmadığını bilmirəm.
- Ardıcıl 3 dəfə Avropa Liqasının qrup mərhələsində iştirak edən “Qarabağ”ın bu il hədəfi Çempionlar Liqasında (ÇL) tarix yazmaqdı. Necə düşünürsüz, sabiq komandanızın ÇL-in qrupuna düşmək potensialı varmı?
- “Qarabağ” son illərdəki çıxışı ilə özünü isbatlayıb. Qurban Qurbanovun komandası potensialının olduğunu dəfələrlə sübuta yetirib. Bütün rəqiblər “Qarabağ”a hörmətlə yanaşırlar. Bu, onların gücündən xəbər verir. Mən “Qarabağ”da Çempionlar Liqasının qrup mərhələsinə düşmək üçün lazım olan potensialı görürəm. Ümid edirəm ki, bu il istəklərinə çatarlar.
- Digər sabiq klubunuz “İnter” isə avrokubok matçına bu gün çıxacaq. Paytaxt təmsilçisi Serbiyada “Mladost”un qonağı olacaq. Həmyerliniz Zaur Svanadzenin çalışdırdığı komandadan hansı nəticəni gözləyirsiniz?
- “İnter” yaxşı təşkilatlanmış komandadı. Təəssüf ki, onlar transfer etmək hüququndan məhrum olublar. Üstəlik, bir neçə futbolçu “İnter”dən ayrıldı. Bunları nəzərə alsaq, serblərlə oyunlar çox çətin keçəcək. Amma “İnter”in sona qədər döyüşəcəyinə və lazımi nəticəyə imza atacağına inanıram.