“Azərbaycana yollanıb “Monako”nu izləmişəm və bu, mənə zövq bəxş edir. Sevimli komandamın qrup oyunlarını şərh etmək mənim üçün çox xoşdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri keçmiş futbolçu, Fransa yığmasının sabiq üzvü Jerom Roten deyib.
2002-2004-cü illərdə “Monako”nun formasını geyinmiş Roten hazırda Fransa televiziyasında çalışaraq, bu komandanın Avroliqadakı oyunlarını şərh edir.
Ölkəsinin mətbuatına danışan Roten AL-də “Qarabağ”la eyni qrupda mübarizə aparan knyazlıq klubunun çıxışını dəyərləndirib.
O, son tur öncəsi çətin vəziyyətlə üzləşən “Monako”nun növbəti mərhələyə adlayacağına inanır: “Monako”Avroliqanın qrup mərhələsində yaxşı oyunlar keçirdi. Yalnız “Anderlext”lə baş tutan son görüşü çıxmaq şərtilə. Komanda həmin matçda uduzmaqla, növbəti mərhələyə yüksəlmək işini çətinləşdirdi. Buna baxmayaraq, futbolçular qrup mərhələsində xarakter göstərdilər. “Tottenhem”lə oyunöncəsi komanda özünə inanır. Heyətdə matçın taleyini həll edə biləcək futbolçular çoxdu. “Uayt Hart Leyn”də yaxşı atmosfer olacaq. “Tottenhem”in müdafiəsi güclüdü və bu, “Monako”ya çətinlik yarada bilər”.
Roten qrupun digər matçında “Anderlext”in “Qarabağ”a qalib gələ bilməyəcəyini qeyd edib: “Əminəm ki, “Qarabağ” “Anderlext”in qələbə qazanmasına imkan verməyəcək. Azərbaycanlılar olan-qalan şanslarından yararlanmaq üçün əllərindən gələni edəcəklər. “Anderlext”in xal itirəcəyi və “Monako”nun səfərdə qələbə qazanaraq, növbəti mərhələyə yüksələcəyini düşünürəm. “Qarabağ”la oyunu şərh edərkən dedim ki, “Monako” üçün Avroliqada iştirak etmək asan deyil. Avropa Liqası son illərdə çox inkişaf edib. “Monako” həmişə Avrokubok oyunlarına bağlı olub və beynəlxalq arenada bu komandaya hörmətlə yanaşıblar. 2004-cü ildəki çıxışımız yaddaşlardan silinməyib. “Monako” həmişə çalışıb ki, Avropa arenasında bacardığı qədər irəliləsin. Cari mövsümə də komanda var gücü ilə başlamışdı. Bəziləri baş məşqçi Leonardo Yardimi tənqid edirlər. Amma o, öz işinin öhdəsindən gələ bilir. Mənim üçün Yardim dahi məşqçidi”.
Futbolçu karyerasını ötən il başa çatdıran fransız PSJ-də daha çox bağlı olduğunu etiraf etsə də, “Monako”ya da azarkeşlik etdiyini bildirib: “Mən Parisdə böyümüşəm. Ancaq karyeram ərzində “Monako”da da oynamışam. Bəlkə də, karyeramın ən yaxşı ilini elə “Monako”da keçirmişəm. Odu ki, bu kluba həmişə böyük hörmətim olub. “Monako”nun Avroliqada növbəti mərhələyə adlayacağına inanıram”.
Qeyd edək ki, “Tottenhem” – “Monako” görüşü sabah Bakı vaxtı ilə 00:05-də start götürəcək.
- "Fənərbaxça" Emre Belözoğlu ilə danışıqlara başladı - YENİLƏNİB
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki