“Qarabağ”ın sabiq futbolçusu Sergey Kravçenko hazırda çıxış etdiyi Ukrayna “Volın”ının təlim-məşq toplanışı üçün Hindistana yollanmasının təfərrüatını açıqlayıb. Apasport.az saytının məlumatına görə, vaxtilə Ukrayna yığmasında da oynamış 33 yaşlı yarımmüdafiəçi səfərin alınmasında Azərbaycanda qazandığı dostların əməyinin olduğunu bildirib.
Kravçenko qeyd edib ki, “Qarabağ”da oynadığı vaxtdan dostlaşdığı Namiq Yusifovun sayəsində tanış olduğu menecer vasitəsilə Asiyaya yollanıblar: “Azərbaycanda çıxış etdiyim vaxtdan indi də “Qarabağ”da oynayan Namiq Yusifovla dostluq münasibətlərindəyik. Onun sabiq futbolçu olan dostu var. Həmin adam hazırda futbol agentidi və klubların toplanışları ilə məşğul olur. O, adlı-sanlı klubları Hindistana aparmaq istəyirdi. Lakin “Dinamo” və “Şaxtyor” variantları alınmadığından “Dnepr”lə “Volın”ı təklif etdim. Bunu komandanızın 5-ci pillədə olması ilə əsaslandırdım”.
Qeyd edək ki, Kravçenko 2005-ci ildə “Qarabağ”da çıxış edib.