“Qəbələ”nin Avroliqanın I təsnifat mərhələsində rəqibi olan Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubu beynəlxalq turnirdə ikinci yeri tutub. Apasport.az saytının məlumatına görə, Şiroki Briyeq təmsilçisi Xorvatiyanın sabiq müdafiə naziri Qoyko Şuşakın xatirəsinə həsr olunmuş XV beynəlxalq turnirdə mübarizə aparıb.
Əvvəlcə “Şiroki Briyeq” Xorvatiyanın aşağı dəstə komandası olan “Neretvanats”la qarşılaşıb. Bosniyalılar Davor Landeka və Dino Çoriçin qolları ilə 2:1 hesablı qələbə qazanıb.
“Mavilər” finalda “İmotski”ni 5:1 hesabı ilə darmadağın etmiş “Split”lə görüşüb. Ancaq “Şiroki Briyeq” doğma “Petsara” stadionunda keçirilən görüşdə xorvatiyalılara məğlub olub. “Qəbələ”nin rəqibi xorvatiyalı Mirko Mariç və braziliyalı Vaqner Laqonun qolları ilə ilk hissədə hesabda öndə olsa da, fasilədən sonra “Split”in vurduğu 3 top nəticəni müəyyənləşdirib – 2:3.
Qeyd edək ki, “Şiroki Briyeq” “Split”lə matça Soldo, Çoriç, Brekalo, Laştro, Markoviç, Landeka, Pehar, Vaqner, Zakariç, Peko və Mariç start heyəti ilə çıxıb.