“Qəbələ”nin Avropa Liqasındakı rəqibi “Sent-Etyen” Fransa çempionatının XI turunda “Monako” ilə evdə qollu (1:1) bərabərə qalıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “Sent-Etyen” fanatları qarşılaşmadan sonra bunu bayram ediblər.
Çempionluğa oynayan rəqibdən xal almağı qələbəyə bərabər hesab edən “Magic” fan-klubunun rəhbərlərinin hətta komandanın paltardəyişmə otağına sürpriz ziyarəti də baş tutub. Güclü rəqiblə başabaş mübarizə apardığı üçün futbolçulara təşəkkür edən fan-klub rəhbərləri komandadan “Qəbələ” ilə matçda qələbə gözlədiklərini bildiriblər. Onlar hətta bir qrup azarkeşin Bakıya gəlmək və komandanı burda da dəstəkləmək niyyətində olduğunu əlavə ediblər.
Qeyd edək ki, “Qəbələ” Avropa Liqasının IV turu çərçivəsində “Sent-Etyen”i noyabrın 3-də 8-ci km qəsəbə stadionunda qəbul edəcək.