[b]“Samtredia” “Qəbələ” ilə eyni tərzdə oynayır” – Nika Kvekveskiri[/b]
22.06.2016 - 13:03
[b]“Samtredia” “Qəbələ” ilə eyni tərzdə oynayır” – Nika Kvekveskiri[/b]

“Qəbələ”nin yeni transferi Nika Kvekveskiri Gürcüstan mətbuatına müsahibə verib. Apasport.az saytı xəbər verir ki, yerli “Lelo” qəzetinin əməkdaşının suallarını cavablandıran gürcüstanlı futbolçu Avropa Liqasının I təsnifat mərhələsində “Samtredia” ilə keçiriləcək oyunlara da münasibət bildirib.

 

- “Qəbələ”yə uyğunlaşma dövrü necə keçir?

- Hələ ki, mənə bir qədər vaxt lazımdı. Amma “Qəbələ” çox yaxşı komandadı. Burda yüksək səviyyəli məşqçi və futbolçular var. Mənim üçün ən əsası odu ki, “Qəbələ” ambisiyalı klubdu.

 

- Avropa Liqasının I təsnifat mərhələsində “Samtredia” ilə qarşılaşacaqsınız..

- Mən Avroliqanın qrupunda oynamaq arzusundayam. Böyük və maraqlı döyüş olacaq. Həyəcanla bu matçı gözləyirik. “Samtredia”nın baş məşqçisi Giya Tsetsadzeni yaxşı tanıyıram. Onun oynatdığı futbola hörmət edirəm. Tsetsadze hücum futbolunu xoşlayır, həmçinin “Qəbələ” də eyni tərzdə oynayır.

 

- Baş məşqçiniz Roman Qriqorçuk sizi hansı mövqedə oynatmağı düşünür?

- Komandanın iki taktiki sxemi var. Hansı mövqedə yer almağım taktikadan asılı olacaq. Bəzən mənə daha çox rəqibin qarşısını kəsmək, bəzən isə rəqib qapısına yaxın oynamaq tapşırılacaq. Hər iki funksiyanı yerinə yetirməyə hazıram. Düşünürəm ki, bunun öhdəsindən gələ bilərəm.

 

- Məlum olduğu kimi, “Qəbələ”nin heyəti tez-tez dəyişilir, uzunmüddətli olmur. Bu dəfə də elə olub?

- Yerli uşaqlar qalıb. Qapı və müdafiə xəttində dəyişiklik olmayıb. Prinsipcə, hücum xəttində dəyişikliklər olub. Bu da yeni futbolçuların hesabınadı. Mənim bildiyim qədərilə, hələ də axtarışlar davam edir.

 

- Yəqin ki, Azərbaycan çempionatında komandanın qarşısına yüksək tapşırıq qoyulacaq...

- Əlbəttə ki. “Qəbələ” Azərbaycanın aparıcı klublarından biridi və bunu hamı bilir. Rəqabət qabiliyyəti olan komandayıq.

 

- Roman Qriqorçuk barədə fikriniz necədi?

- Çox yaxşı insandı. Məşqçi kimi xidmətindən isə danışmaq artıqdı. Bizə hər şeyi başa salır, hətta ən xırda detalları da izah edir. Futbolçu üçün yalnız meydana çıxıb oynamaq qalır.

 

- Gürcüstan toplanışı nə vaxta kimi davam edəcək?

- Yeni mövsümün hazırlığını burda davam etdiririk. İyunun 26-na kimi Gürcüstanda qalacağıq. Daha sonra isə Azərbaycana qayıdacağıq.