Bu gün açıqlanan FİFA reytinqi bir sıra maraqlı məqamlarla əlamətdar olub. Apasport.az-ın məlumatına görə, qurumun rəsmi saytı bir sıra komandaları fərqləndirib.
Bu yığmalar arasında Azərbaycan millisi də var. Hazırda 404 xalla 88-ci olan yığmamız ötən ayla müqayisədə ən çox inkişaf edən 3 komandadan biridi. Rekord isə Monteneqroya məxsusdu. Balkanlılar 49, millimiz 45 pillə irəliləyibsə, Farer adaları 37 addımlıq sıçrayışla 3-cüdü. Hazırda sabiq yuqoslaviyalılar 56-cı, şimallılar isə planetin 74-cüsüdü. İranın 10, Sloveniyanın 15 pillə irəliləməsi də diqqətdən yayınmayıb.
Antirekord isə Kipr yığmasının adı ilə bağlıdı. 139-cu yerə yuvarlanan ada təmsilçisi 52 pillə geriləyib. İsrail və Litva hərəyə 19, Suriya 18 addım aşağı yuvarlanıb. 53-cü yerə enən Rusiyanın “-15”i həmkarlarımız tərəfindən qeyd olunub.
5 komanda isə böyük geriləmə ilə ilk “yüzlük”dən kənar düşüb. Finlandiya 17, İordaniya 18, Mavritaniya 19, Latviya 21 və Yeni Zelandiya 28 pilləlik enişlə bu uğursuzluğu yaşayıb.
Qeyd edək ki, son reytinqdə 129 matçın nəticəsi nəzərə alınıb.