[b]12 ildə ilk dəfə[/b]
21.11.2016 - 10:42
[b]12 ildə ilk dəfə[/b]

Topaz Premyer Liqasının XII turu qonaqların fiaskosu ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, turun bütün oyunlarında qalib gələn meydan sahibləri qapılarını da toxunulmaz saxlayıblar.

 

“Qarabağ” “Kəpəz”i, “Qəbələ” isə “Zirə”ni 1, “Sumqayıt” “Neftçi”ni 2, “İnter” AZAL-ı 3 cavabsız qolla məğlub edib. Bir sözlə, 7 qol vuran ev komandaları aktivinə ümumilikdə 12 xal əlavə edib.

 

Ölkə çempionatları tarixinin son illərinə nəzər salsaq, belə hadisəyə axırıncı dəfə 2 il 8 ay öncə təsadüf olunub. 2013/14 mövsümünün XXX turunda – 2014-cü il martın 28-31-də baş tutan 5 matçda qonaqlar xala həsrət qalmışdılar. Lakin 5 qələbə qazanan meydan sahibləri qapısını toxunulmaz saxlaya bilməmişdi və ümumi hesab 11:2 kimi tarixə düşmüşdü.

 

Ölkə futbolunda canlanmanın yaşandığı 2004-cü ilin yayından indiyədək 7-ci dəfədi belə hal yaşanır. Bir dəfə 8, üç dəfə 6, iki dəfə 5, indi isə 4 görüşdə qonaqlar xal üzünə həsrət qalıb. Amma əvvəlki 6 halda onlar ən azı 1 qol vurub. Bu isə o deməkdi ki, son 12 ildə ilk dəfə həm qol, həm də xal həsrəti qeydə alınıb.

 

Düzdü, bu 12 ildə meydan sahiblərinin qol buraxmadığı bir tur olub. 2010/11 mövsümünün XXVIII turunda 10 qol buraxan qonaqlar fərqlənə bilməyib. Lakin 2011-ci il aprelin 23-24-dəki turun 6 matçında onların yeganə təsəllisi bir qolsuz heç-heçə olub.