[b]1:1, 1 xal, 1 pillə[/b]
14.07.2016 - 12:01
[b]1:1, 1 xal, 1 pillə[/b]

FİFA milli komandaların reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, hesabında 253 xal olan Azərbaycan yığması 137-ci yerdə qərarlaşıb.

 

Komandamız bu mövqeni eyni xala malik Anqola ilə bölüşür. Robert Prosineçkinin yetirmələri ötən ayın 2-də açıqlanan siyahı ilə müqayisədə 1 pillə irəliləyib. Buna səbəb komandamızın 1 xal qazanmasıdı.

 

Yığmamız hesabat dövründə Kanada ilə keçirdiyi yoxlama matçındakı 1:1 hesablı heç-heçədən sonra aktivini artırıb. Avstriyada keçirilən təlim-məşq toplanışındakı bu oyunadək yığmamız 252 xalla 138-ci yerdə idi. Komandamız ötən ayla müqayisədə 14 pillə geriləyən Sudanı və mövqeyini 6 addım pisləşdirən Vyetnamı arxada qoyub. Əvəzində sıçrayışa nail olan Kurasaodan geri düşüb.

 

Dünyanın 14-cü “onluğ”u

131 (108). Madaqaskar – 273

132 (125). Efiopiya – 270

133 (107). Malavi – 269

134 (154). Kurasao – 261

135 (120). Filippin – 256

136 (89). Farer adaları – 254

137 (138). AZƏRBAYCAN – 253

137 (123). Anqola - 252

139 (125). Dominika Respublikası – 243

139 (139). Makedoniya - 243

139 (133). Vyetnam - 243

 

Dünyanın ən güclü 10 komandasının mövqeyində də ciddi dəyişiklik olmayıb. İlk “beşlik” toxunulmaz qalıbsa, Fransa ilə İtaliya 10 ən yaxşı arasına yüksəlib. Uruqvayla Avstriya isə mövqeyini əldən verərək aşağı pillələrə düşüb. AÇ-2016-nın qalibi Portuqaliya isə 2 pillə yüksəlmək sayəsində 6-cı yerədək irəliləyib.

 

İlk “onluq”

1 (1). Argentina – 1585

2 (2). Belçika – 1401

3 (3). Kolumbiya – 1331

4 (4). Almaniya – 1319

5 (5). Çili – 1316

6 (8). Portuqaliya – 1266

7 (17). Fransa – 1189

8 (6). İspaniya – 1165

9 (7). Braziliya – 1156

10 (12). İtaliya – 1155

 

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya və San-Marinonun mövqeyi dəyişməyib. Çexiya, Şimali İrlandiya geri, Norveç isə irəli addım atıb.

 

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

4 (4). Almaniya – 1319

28 (25). Şimali İrlandiya - 822

33 (30). Çexiya - 768

49 (51). Norveç - 588

200 (200). San-Marino – 20

 

Qeyd edək ki, qonşu Türkiyə yığması Macarıstanla birlikdə 19-cu yerə şərikdi. 1 pillə geriləyən “ay-ulduzlular” 915 xala malikdi.