[b]1, 3, 7, 40...[/b]
13.07.2016 - 13:45
[b]1, 3, 7, 40...[/b]

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Çempionlar Liqasında qol hesabını açıb. Apasport.az saytının məlumatına görə, II təsnifat mərhələsinin “Düdelanj”la qarşılaşmasında vurduğu 2 qolla “ağ-göylər”ə qələbə qazandıran braziliyalı qitənin ən nüfuzlu klub turnirində “siftə”sini gerçəkləşdirib.

 

Ağdam təmsilçisində Avropa Liqasında 5 dəfə fərqlənən Almeyda, ümumilikdə qitə miqyaslı turnirlərdə qol hesabını 7-yə çatdırıb. O, bununla komanda yoldaşı Əfran İsmayılovu, həmçinin Baçana Sxadadzeni arxada qoyub.

 

Azərbaycan klubları ilə avrokuboklarda ən çox qol vuran futbolçular sırasında ikinciliyə yüksələn Almeyda 7 və daha çox qol vuran oyunçularımızın sayını 3-ə çatdırıb. O, bu göstəricidə Rəşad Sadiqova çatıb. Hər iki yarımmüdafiəçinin hesabında 7 qol var. Onlar yalnız Reynaldodan geri qalırlar. Sonuncu 9 dəfə fərqlənib.

 

Avrokuboklardakı bombardirlərimiz

 

1. Reynaldo - 9

2-3. Rəşad Sadiqov, Riçard Almeyda – hər ikisi 7

4-5. Baçana Sxadadze, Əfran İsmayılov – hər ikisi 6

 

Çempionlar Liqasındakı ilk qolu Almeyda üçün ikiqat əlamətdar olub. O, “Qarabağ”da 40-cı dəfə fərqlənib. Bu görüşədək Premyer Liqada 31, Azərbaycan kubokunda 3, Avropa Liqasında 5 qol vuran orta sahə oyunçusu əvvəl 40, sonra 41-ci dəfə sevinib.

 

Almeyda həm də Azərbaycan klublarının futbolçularının avrokuboklarda 10-cu dublunun müəllifi olub. İndiyədək 22 ildə təmsilçilərimiz 9 dəfə bir qarşılaşmada 2 qol vurmuşdu. Riçard bunu ölkəmizdə bacaran 4-cü braziliyalıdı. Onadək Feliks Felipe Almeyda, Denis Silva, Dodo da klublarımız üçün dubl edib.

 

 

0