[b]2016-cı ilin 17 təyinatı[/b]
26.12.2016 - 17:26
[b]2016-cı ilin 17 təyinatı[/b]

Azərbaycanlı hakimləri başa çatmaqda olan 2016-cı ildə 17 beynəlxalq oyun idarə edib. Apasport.az saytının məlumatına görə, üç FİFA hakimimiz arasında daha çox etimadı Əliyar Ağayev qazanıb.

 

Gənc hakimimiz il ərzində 12 qarşılaşmaya təyinat alıb. Bu qarşılaşmalardan 4-ü yüksək səviyyəli yarışlarda baş tutub.

 

Ağayev DÇ-2018-in seçmə mərhələsində  Kipr – Cəbəllütariq (3:1), Avropa Liqasının qrupunda 3 matçda baş hakim funksiyasını yerinə yetirib. O, “Roma” – “Astra” (4:0), “Konyaspor” – “Braqa” (1:1) və “Şalke” – “Nitsa” (2:0) oyunlarında ədaləti qoruyub.

 

Həmyerlimiz bu turnirin təsnifat mərhələlərində də iki dəfə meydana çıxıb. “Slaviya” – “Zaqlebiye” (1:0) və “Kuban” – “Birkirkara” (3:1) qarşılaşmalarının hakimi olan Ağayev yığmalar səviyyəsində bir yoxlama matçına da söz sahibi kimi təyinat alıb. O, Rusiya – Qana matçında (1:0) fit çalıb.

 

Referinin iştirakı ilə digər 5 oyun isə aşağı yaş qrupları üzrə yığmaların matçlarıdı. Gənclər Liqasında “Anderlext” – “Barselona” (2:0) matçına təyinat alan hakim U-21-lər arasında AÇ-2017-nin seçmə mərhələsində Belarus – Hollandiya görüşündə (2:2) ədalət təmsilçisi olub.

 

U-19-ların Avropa çempionatının final mərhələsinin iştirakçısı da olan Ağayev qrupda İtaliya – Avstriya (1:1) və İngiltərə - Xorvatiya (2:1) qarşılaşmalarını idarə edib. Çempionun müəyyənləşdiyi Fransa – İtaliya matçında da (4:0) məhz təmsilçimiz fit çalıb.

 

Digər iki hakimimiz isə UEFA-nın etimadını qazanmada çətinlik çəkib. Rəhim Həsənov cəmi 4 dəfə şans qazanıb. Avropa Liqasının təsnifat mərhələlərində “Birkirkara” ilə “Şiroki Briyeq”i meydana çıxaran həmyerlimiz meydan sahiblərinin 2:0 hesablı qələbəsini qeydə alıb.

 

U-21-lərin seçmə mərhələsinin Ukrayna – Makedoniya oyununda (0:2) baş hakim olan həmyerlimiz U-19-ların turnirində 2 dəfə meydana çıxıb. O, Hollandiya – Şimali İrlandiya (1:0) və Şimali İrlandiya – Ukrayna (0:2) matçlarını da idarə edib.

 

Artıq FİFA referisi kimi son günlərini yaşayan Orxan Məmmədov isə 366 gündə 1 dəfə baş hakim kimi meydana çıxıb. Bu da Avropa Liqasının “Domjale” – “Lusitans” matçı (3:1) olub.