Azərbaycan çempionatının 2015/16 mövsümündə ikinci penta-trik qeydə alınıb. Apasport.az saytının məlumatına görə, buna əvəzedicilərin yarışında Ramil Həsənov imza atıb.
O, “Qəbələ”nin “Xəzər Lənkəran”la səfər oyununda 5 qol vurub. Ramilədək yalnız Rəhman Musayev bunu bacarmışdı. “Şərurpor”un bombardiri I divizionun III turunun “Göyəzən”lə səfər oyununda 5 qola sevinib.
Ümumilikdə cari mövsümdə 479 matç baş tutub. Topaz Premyer Liqasının 150, I divizionun 157, əvəzedicilərin yarışının 153, Azərbaycan kubokunun 19 qarşılaşmasına nəzər salsaq, 2 penta-trikdən başqa, 5 poker də qeydə alınıb.
Röyal Nəcəfov (MOİK), David Janelidze (“Neftçala”), Cavid Muxtarzadə (“Qaradağ Lökbatan”) I divizionun matçı zamanı 4 qol vurmağa bacarıb. Ehtiram Şahverdiyevlə (“Qəbələ”), Muxtar Əliyev (“Zirə”) isə buna əvəzedicilərin yarışında nail olub.
Penta-trik və poker görməyən Topaz Premyer Liqasında cəmi 1 het-trik qeydə alınıb. “Zirə”nin futbolçusu Nelson Bonilla rəqib qapısına 3 dəfə yol tapıb. I divizionda isə 10 belə hadisə yaşanıb. Əli Bağırov, Elnur Səmədov (hər ikisi “Ağsu”), Ülvi Quliyev (“Bakılı”), Səccad Kərman (“Mil-Muğan”), Aqşin Həşimov, Fərmayıl Əliyev (hər ikisi “Neftçala”), Rəhman Musayev (“Şərurspor”), Elvin Nəsibov (“Zaqatala”), Valeh Seyidov (“Bakı”) və Azər Məmmədov (“Turan Tovuz”) het-trik müəllifi olublar. Əvəzedicilərin yarışında qeydə alınan 6 het-trik 3 komandanın payına düşür. Belə ki, “Qəbələ” üç, “Sumqayıt” iki, “Xəzər Lənkəran” bir dəfə oyunçusunun 3 qoluna sevinib. Bunu Elnur Abdulov, Emil Həsənzadə (“Sumqayıt”), Kənan Həsənov (“Xəzər Lənkəran”), Ehriram Şahverdiyev, Ramil Hasanov, Ülvi İsgəndərov (“Qəbələ”) gerçəkləşdiriblər.