[b]6 qitədə, 29 klubda oynayan futbolçu, Kamran və Vaqif...[/b]
19.01.2017 - 15:38
[b]6 qitədə, 29 klubda oynayan futbolçu, Kamran və Vaqif...[/b]

Klubuna sadiq tək-tük futbolçu olduğu kimi, tez-tez iş yerini dəyişənlər də var. Apasport.az-ın milliyet.com.tr saytına istinadən məlumatına görə, son belə oyunçu Türkiyə millisinin üzvü Kazım Kazımdı. Yenicə “Koritiba”dan “Korintians”a transfer edilən 31 yaşlı yarımmüdafiəçinin formasını geyindiyi komandaların sayı 13-ə çatıb. Ancaq Kazım heç də ən çox klub dəyişən futbolçu deyil. Elələri var ki, karyerası ərzində neçə komandada çıxış etdiyini, bəlkə də, heç özləri bilmirlər.

 

Məsələn, Yamayka əsilli ingilis hücumçu Trevor Benjamin 1995-ci ildən 2012-ci ilə qədər davam etdirdiyi karyerasına 29 fərqli komanda sığdırıb. Onun ən uzun müddət qaldığı klub “Kembric Yunayted” olub – 5 il. Karyerasının böyük hissəsini icarədə keçirən Benjamın “Lester”lə Premyer Liqa həyəcanı da yaşayıb.

 

İngiltərəli qapıçı Con Berric isə 1969-1997-ci illər aralığında klubları əlcək kimi dəyişib. O, 28 illik karyerası ərzində 29 klubun şərəfini qoruyub. “Nyukasl” və “Aston Villa”dakı dönəmində formasının pik nöqtəsinə çatan Berric ən çox “Bləkpul”da qalıb (4 il).

 

1991-ci ildə başladığı peşəkar futbola 2011-ci ildə son qoyan almaniyalı qapıçı Luts Pfannenştil karyerası ərzində İngiltərə, Cənubi Afrika Respublikası, Sinqapur, Finlandiya, Yeni Zelandiya, Norveç, Kanada, Albaniya, Braziliya, Ermənistan və Namibiyadakı 25 fərqli klubda oynayıb. 2008-ci ildə Braziliya təmsilçisi “Hermann”a keçməklə 6 qitənin hamısında oynamış ilk futbolçu kimi tarixə düşüb. 44 yaşlı Pfannenştil hazırda “Hoffenhaym” klubunda seleksiyaçı məşqçi funksiyasını yerinə yetirir.

 

Uruqvaylı futbolçular Sebastian Abreu və Karim Adippe də 20-dən çox klubda çıxış etməyə imkan tapıblar. 1994-cü ildə peşəkar futbolda ilk addımlarını atan Abreu ötən ilin noyabrında Braziliyanın III liqa təmsilçisi “Banqu”nun yolunu tutaraq, anlaşdığı klub sayını 23-ə yüksəldib. FİFA bir mövsümdə 2-dən çox klubun formasını geyinməyi qadağan etdiyindən, Abreu yeni komandasında bu ay debüt edəcək. 40 yaşlı forvard Argentina və Uruqvay çempionluqları ilə yanaşı, Uruqvay millisinin heyətində də Cənubi Amerika Kubokunun qalibi olub.

 

1991-ci ildə ilk müqaviləsini imzalayan Adippe isə karyerasının böyük hissəsini Cənubi Amerikaya həsr edib. Avropa və Asiyada da oynamaq imkanı qazanan oyunçu 22 fərqli klubun formasını geyinib.

 

Səyyah futbolçular arasında ekvadorlu Eduardo Hurtado, serbiyalı Miodraq Andelkoviç, braziliyalılar Ailton Silva və Joze Junior da var. Onların hər biri 21 klubda oynayıb.

Azərbaycanda isə bu baxımdan rekord Vasif Haqverdiyevə məxsusdu. O, Azərbaycanda 13 komandanın formasını geyinib. Karyerasını bitirənlərdən Samir Əliyevdə bu say 11,  Vidadi Rzayevdə 10, Fərrux İsmayılov və Mahmud Qurbanovda isə 9-du. Hələ də karyerasını davam etdirənlər arasında Vasif Haqverdiyevin rekordunu təkrarlamağa 4 real namizəd var.

 

Bunlar Ramal Hüseynov, Fərid Quliyev, Kamran Ağayev və Vaqif Cavadovdu. İlk iki oyunçu 10, sonuncu cütlük isə 9 müxtəlif klubda çıxış edib. Ramal və Fəridin unudulduğunu nəzərə alsaq, onlara uzun müddət kimlərinsə ehtiyac duyacağı inandırıcı deyil. Amma 28 yaşlı Cavadov və 31 yaşlı Ağayev bu gedişlə Azərbaycan rekordunu nəinki təkrarlayacaq, hətta yeniləyəcəklər.