Başa çatan Azərbaycan Premyer Liqasının 2016/17 mövsümündə 26 penalti təyin olunub. Apasport.az saytının məlumatına görə, 28 turun 111 qarşılaşmasının (birinin nəticəsi ləğv olunub) hərəsində orta hesabla 0,23 dəfə 11 metrlik zərbə qərarı verilib.
Bu zərbələrdən 24-ü dəqiq olub. Çempionatın dəqiqlik faizi 92,31 faiz təşkil edib. Yalnız iki dəfə dueldən qapıçılar qalib ayrılıb. Gürcülərin səhv etdiyi penaltilər II və XXVI tura təsadüf edib.
Nika Kvekveskiri (Qəbələ) “İnter”, Nuqzar Kvirtiya (AZAL) “Neftçi”nin qapısına yol tapa bilməyib. Mövsümün ilk penaltisinin müəllifi məhz Nika olubsa, son belə zərbə XXVIII turun AZAL – “Zirə” görüşünə təsadüf edib və Təmkin Xəlilzadə dəqiq olub.
Təmkin onsuz da mövsümün rekordçusu olan “Zirə”nin çempionatda 6-cı penaltisini qola çevirib. Qəsəbə klubu 100 faizlik dəqiqlik nümayiş etdirib. Hərəyə 4 zərbə vuran iki klubdan “Kəpəz” xətaya yol verməyibsə, “Qəbələ” bir imkanı qaçırıb. Ümumiyyətlə, 8 komandanın hamısı belə şans qazanıb.
Penalti vuran komandalar: “Zirə” – 6, “Kəpəz” – 4, “Qəbələ” – 4 (1-i qeyri-dəqiq), “Neftçi”, “Qarabağ”, “Sumayıt” – 3, “İnter” – 2, AZAL – 1 (1).
Son turadək də ən çox cəzalanan komanda olan AZAL mövsümdə 7-ci dəfə 11 metrlik nöqtədən qol buraxıb. Autsayderin “izləyiciləri” “Neftçi” və “İnter” 5 penaltidən 4 qola üzülüb. Premyer Liqa klublarından yalnız “Qarabağ”ın qapısına belə zərbə təyin edilməyib.
Penalti ilə cəzalanan komandalar: AZAL – 7, “İnter”, “Neftçi” – 5 (1), “Kəpəz”, “Qəbələ” – 3, “Sumqayıt” – 2, “Zirə” – 1.
Təmkin cari mövsümdə “ağ nöqtə”dən zərbə vuran 18-ci futbolçu olub. Maraqlıdı ki, “Zirə”nin 6 penaltisini 5 fərqli futbolçu icra edib. Futbolçular arasında mövsümün rekordu “Kəpəz”in üzvü Tural Axundovdu. O, 4 belə imkanı qola çevirib. Araz Abdullayev “Neftçi”, Filip Ozobiç “Qəbələ”, Amil Yunanov “Sumqayıt”, Elvin Məmmədov “Zirə”, Riçard Almeyda isə “Qarabağ”ın heyətində 2 dəfə imkandan yararlanıb.