“Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçukun apasport.az saytına müsahibəsi
- Antalya toplanışı da daxil olmaqla, komandanızın ümumilikdə qış hazırlığından tam razı qaldızmı?
- Bəli, razı qaldım. Planlarımızı həyata keçirməyə heç nə mane olmadı. Allaha şükür, Antalyadakı hava şəraiti də bizi pis vəziyyətə salmadı. Yoxlama oyunları keçirdik. Düzdü, onların sayı çox olmadı. Amma vaxt mənasında 3 yoxlama matçı bizim üçün ən optimal variant idi. Bu görüşlərdə yeni düşüncələrimizi həyata keçirdik, müxtəlif mövqelərdə fərqli futbolçuları yoxladıq. Heyətimizə yeni futbolçular qoşuldu. Allah eləsin, qış toplanışında gördüyümüz iş öz bəhrəsini versin.
- Rəşad Eyyubovla yanaşı, Pavel Paşayevlə də müqavilə bağlamalı idiz. Bu məsələ nə yerdə qaldı?
- Eyyubovla münasibətləri rəsmiləşdirdik. Paşayevə gəlincə, Antalya toplanışında onu da izlədik. Bizdə xoş təəssürat oyatdı. Pavellə bağlı sualı rəhbərliyə versəniz, daha doğru olar.
- Belə çıxır ki, siz Pavel Paşayevi bəyənmisiz, hazırda onunla rəhbərlik arasında danışıqlar gedir...
- Belə də demək olar. Hələlik onunla müqavilə bağlanılmayıb.
- Heyətinizdə müdafiənin sağ cinahında oynaya bilən Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov və Ürfan Abbasov kimi futbolçularınız var. Belə məqamda “Qəbələ”nin Paşayevə ehtiyacı varmı?
- Pavel Paşayev Azərbaycan yığmasının üzvüdü və ... (Bir qədər düşünür – T.M.) Düzdü, bu mövqe üçün oyunçularımız var. Amma komandanı həm keyfiyyət, həm də kəmiyyət baxımından gücləndirmək istəyirik.
- Baxışda olan braziliyalı hücumçu Emersonla bağlı hansı fikirdəsiz?
- Biz onu izləmək və tanış olmaq imkanı əldə etmişik. Yaxın günlərdə də izlədikdən sonra qərarımızı verəcəyik. Emersonla bağlı mövqeyimizi bildirməkdə tələsmirik, çünki azad agentdi. Əgər sərbəst futbolçu olmasaydı, onunla bağlı tez bir zamanda qərara gəlməli olacaqdıq. İndi isə bu sarıdan problemimiz yoxdu. Emersonu rahat şəkildə izləyib, komandaya lazım olub-olmadığını müəyyənləşdirəcəyik.
- Qış fasiləsində Fakundo Pereyra, Derlis Meza Kolli, Vüqar Nadirov, Vaqif Cavadov və George Floresku ilə yolları ayırdığınız halda, hələlik yalnız Rəşad Eyyubovu heyətinizə qatmısız. Komanda çempionatın ilk hissəsi ilə müqayisədə zəifləməyib?
- Komandanın gücü barədə danışmaq üçün oyunlar keçirmək lazımdı. Məhz matçlardan sonra oyunumuzun səviyyəsi açıq şəkildə bilinəcək, nəticədə özünü göstərəcək. İndiki məqamda yalnız onu dəqiq deyə bilərəm ki, zəifləməmişik, güclənib-güclənmədiyimiz isə çempionat görüşlərində bəlli olacaq.
- Ölkə çempionatının XIX turu çərçivəsində “Kəpəz”lə qarşılaşacaqsız. Gəncədən 3 xalla qayıtmaq mümkün olacaqmı?
- Bütün oyunlara qələbə üçün çıxırıq. Sadəcə, nəticə bəzən fərqli olur. Onu deyə bilərəm ki, bizi çox çətin görüş gözləyir. Çünki “Kəpəz” yaxşı komandadı, öz evində daha güclü rəqibə çevrilir. Onlarla bu mövsüm 2 dəfə qarşılaşmışıq və bizdən çox xal alıblar. Odu ki, bu oyun bizim üçün çətin olduğu kimi, vacib və prinsipialdı.
- “Qəbələ” ilk 2 dövrədən sonra turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. Lider “Qarabağ”la aranızda 10 xallıq fərq var. İndiki məqamda komandanızın çempionluq şansı nə dərəcədə realdı?
- Şansımızın olmadığını deyə bilmərik. Eyni zamanda, şansımızın çox olduğunu demək də düz çıxmaz. Çempionluq məsələsinə bu cür yanaşırıq: əgər şansımız varsa, sona qədər mübarizə aparmalıyıq. Bilirik ki, “Qarabağ” çox ciddi rəqibdi. Özü də bizdən 10 xal öndədi. Bu, işimizin asan olmadığını göstərir. Amma yenə də sona qədər çempionluq mübarizəsi aparmağa köklənmişik. Bütün gücümüzü ortaya qoyacağıq.
- Hazırda əksər klublarımız maddi çətinlikdən əziyyət çəkirlər. Razısız ki, Azərbaycan çempionatındakı rəqabət gündən-günə azalır...
- Sizinlə həmfikir ola bilmərəm. Hələ cari mövsüm başlamamışdan öncə çox adam deyirdi ki, Azərbaycan çempionatının səviyyəsi aşağı düşüb. Amma mən belə hesab etmirəm. Son illər Azərbaycan futbolunu izləyirəm. Buna əsasən deyə bilərəm ki, son 6 ayda çempionatınızın səviyyəsində geriləmə yoxdu. Bütün komandalar həm “Qarabağ”la, həm də bizimlə layiqli mübarizə aparırlar. Bunu turnir cədvəlində də izləmək mümkündü. Bir qrup komanda var ki, yüksək yerlər uğrunda mübarizə aparmaq gücündədi. Azərbaycan çempionatının səviyyəsi yaxın illərdə aşağı düşməyəcək. Görürəm ki, bütün insanlar öz yerlərindədilər. Lap deyək ki, futbolçular az maaşa oynayacaqlar, amma əsas odu ki, futbolçular yenə olacaq və onlar oynamağa davam edəcəklər. Çempionatın səviyyəsi də olduğu kimi qalacaq.
- Xarici mətbuatda Azərbaycandakı stadionlarla bağlı mənfi fikirləriniz yer alsa da, sonradan dediklərinizin təhrif olunduğunu bildirdiniz. Bizim stadionların hazırkı durumu Roman Qriqorçuku qane edir, ya yox?
- Ondan başlayım ki, Azərbaycanda dünya səviyyəsində arenalar var və onlar bütün standartlara cavab verirlər. Futbol meydanlarına gəlincə, onlar da Azərbaycanda kifayət qədərdi, özü də yaxşı səviyyədədilər. Xarici mətbuata başqa cür deyə bilməzdim. Çünki həmişə bu fikirdə olmuşam. Hər klub öz stadionuna malikdi. Bəzi stadionların tutumu çoxdu, bəzilərinin azdı. Amma hər biri simpatik, gözəl stadiondu.
- “Qəbələ” keçən il Avrokubokda göstərdiyi nəticəni bu il də təkrar edə biləcəkmi?
- Azərbaycana təzə gələndə demişdim ki, bizim məqsədimiz, arzumuz Qəbələdə Çempionlar Liqasının himnini səsləndirməkdi. Biz bu barədə düşünürük və ona nail olmaq üçün əlimizdən gələni edəcəyik.
Tengiz MƏMMƏDOV